16 Sentyabr 2019
Respondentlərin 0,5 faizi onu seçdi
Respondentlərin 0,5 faizi onu seçdi Prezident Seçkiləri 13:41 2018-04-09

Seçicilərin böyük əksəriyyəti aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Unikal.org Azərtac-a istinadən xəbər verir ki, bunu "Rəy Monitorinq Mərkəzinin aprelin əvvəlində keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir. Rəyi soruşulanların 68 faizi birmənalı olaraq səsverməyə qatılacağını, 10 faizi isə "yəqin ki, qatılacağını qeyd edib. Birmənalı olaraq səsverməyə getməyəcəyini deyən respondentlər 5 faiz təşkil edib və o qədər də respondent "yəqin ki, iştirak etməyəcəyəm cavab variantını seçib. Daha 8 faiz səsverməyə gedib-getməyəcəyinə hələ qərar verməyib. Dörd faiz isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələrinə əsasən, seçkilərdə səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti - 83,5 faizi öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verəcək. Digər namizədlərlə bağlı faiz göstəriciləri belədir: Qüdrət Həsənquliyev - 2 faiz, Sərdar Məmmədov - 1,7 faiz, Hafiz Hacıyev -1,6 faiz, Fərəc Quliyev - 1,1 faiz, Zahid Oruc - 0,9 faiz, Araz Əlizadə - 0,7 faiz, Razi Nurullayev - 0,5 faiz respondent. Daha 2,5 faiz heç kimə səs verməyəcəyini, 2,3 faiz dəstəkləyəcəyi namizədə dair hələ qərar vermədiyini bildirib, 3,2 faiz isə cavab verməkdə çətinlik çəkib.

"İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi? sualına respondentlərin 85 faizə yaxını "Bəli, cavab verir (tam və ya qismən), 3 faizi "Xeyr, cavab vermir, 6 faizi isə "Əsasən cavab vermir deyə bildirib. Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Respondentlərdən seçkilərin nəticələrinə nə dərəcədə etibar etdikləri də soruşulub. "Sizcə prezident seçkiləri ədalətli keçiriləcək və nəticələr xalqın iradəsini əks etdirəcəkmi? sualına cavabda respondentlərin 48 faizi bütövlükdə seçkilərin ədalətli keçiriləcəyinə, nəticələrin isə xalqın iradəsini əks etdirəcəyinə inandığını vurğulayıb, 38 faizi isə xırda pozuntuları istisna etməyib, lakin onların ümumi nəticələrə xələl gətirməyəcəyini qeyd edib. Yalnız 9 faiz "hakimiyyətin seçkinin nəticələrini təhrif edəcəyini, onların xalqın iradəsini əks etdirməyəcəyini deyib. Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Hesabat 2018-ci il aprelin 2-3-də keçirilmiş "omnibus tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1635 nəfər iştirak edib. Nisbi xəta +2,7 faizdir.

Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 48 yaşayış məntəqəsini əhatə edib.