Ölkənin lider mobil operatoru  "Azercell"in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirilib. 

"Unikal" xəbər verir ki, ilk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak ediblər. 

Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradılıb. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanılıb.  İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim ediblər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edilib və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olunub. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldılıb. Bütün bərpa işləri isə regionlardan olan və "Azercell" tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olunub. 

Qeyd edək ki, bu layihənin keçirilməsinə təkan verən faktorlardan biri də Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü zamanı Prezident İlham Əliyevin  irəli sürdüyü təşəbbüs olub. Bu zirvə görüşü zamanı Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb.

"Azercell"in Biznesin Dayanıqlığı şöbəsinin və cari layihənin rəhbəri Anar Mirzəyev bildirib ki, layihənin məqsədlərindən biri də region və Türk dövlətlərinin ərazisində baş verə biləcək böhran və təbii fəlakətlər zamanı birgə addımlar atmaq üçün öncədən təşkilatlanmaqdır:

”Ankara bəyannaməsinə əsasən, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün Türk Dövlətləri Təşkilatının milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək və Mülki Müdafiə Mexanizminin yaradılması haqqında razılığa gəlinib. Bu bənd BİQ layihəsinin yaradılması niyyəti ilə üst-üstə düşür.”