Çinin Siçuan vilayətində meşə yanğını ilə mübarizəyə yanğınsöndürən, polis, mülki müdafiə qüvvələri daxil olmaqla 1000 nəfərdən çox insan cəlb olunub.

Unikal.org xəbər verir ki, vilayətin Lianşan prefekturasında aprelin 22-də dağlıq meşə sahəsində başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb. Yanğınla mübarizədə xeyli texnika, o cümlədən helikopterlər də iştirak edir.

Hələlik insan tələfatı barədə məlumat olmasa da, araşdırma aparılır.

Qeyd edək ki, Lianşan prefekturasında meşə yanğınları tez-tez baş verir. Ötən ilin martında baş verən yanğında 19, 2019-cu ildəki yanğında isə 31 nəfər ölmüşdü.