Azərbaycandan Vyetnama gedib bu ölkədə ingilis dili müəllimi işləyən Eldəniz adlı gənc qəfildən qan xərçənginə tutulduğunu öyrənib və hazırda Hanoy xəstəxanalarından birində ağır vəziyyətdədir. Virtualaz.org xəbər verir ki, bu haqda Vyetnam KİV-lərindən biri yazıb. (http://vtc.vn/nguong-mo-thay-giao-ngoai-quoc-day-hoc-o-son-la-chong-choi-benh-ung-thu-mau-d330526.html)

1992-ci ildə anadan olmuş Eldəniz Vyetnamın yoxsul Son La bölgəsində müəllim işləyirmiş. Onun aylıq maaşı cəmi 1 milyon Vyetnam somudur (təxminən 45 dollar) və tibbi sığortası yoxdur. Bildirilir ki, maaşın azlığına baxmayaraq Eldəniz Vyetnamda işləməyi sevirdi və oranı özünün ikinci vətəni hesab edirdi. O, təxminən 1 həftə əvvəl yüksək qızdırma içərisində xəstəxanaya yerləşdirilib. Həkimlər ona leykemiyanın ağır forması diaqnozunu qoyublar.

Hazırda azərbaycanlı müəllim Mərkəzi Hematologiya və Qanköçürmə İnstitutunda müalicə alır. İndiyə qədər ona 8 litrə qədər qan köçürülüb. Xəstəliyə qarşı təkbaşına mübarizə aparan Eldəniz optimistdir, həyatı sevir.

Bildirilir ki, Eldənizin Azərbaycanda ailəsi elə böyük deyil. Atası müəllim işləyir, yaşayı minimumu həddində maaş alır. Anası evdar qadın, qardaşı hərbi xidmətdədir. İmkansızlığa baxmayaraq oğlunun xəstəliyini eşidən kimi atası təcili Azərbaycandan Vyetnama gedib.

Eldəniz uzunmüddət müalicə olunmalıdır, müalicənin hər seansı 120-150 milyon donq (5-7 min dollar) edir. Atası oğlunun müalicəsi üçün birtəhər 20 milyon donq (900 dollar) düzəldə bilib, bundan artığına imkanl yoxdur. Hazırda gənc müəllim şiddətli ağrılardan əziyyət çəkir və həyatda qalıb-qalmayacağını bilmir.

Vyetnam KİV-ləri gəncin müalicəsi üçün ianə hesabının nömrəsini də yerləşdirib və müəllim yaşaması üçün imkanı olanlardan həmin hesaba pul köçürmələri xahiş edilir. Virtualaz.org həmin hesabın nömrəsini təqdim edir: 0021000248991 - Vietcombank, Hanoy filialı.