Xəbər verdiyimiz kimi, Qırğızıstan ərazisində saxlanılan 5 nəfər azərbaycanlı ilə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız vətəndaşı Azərbaycandan ekstradisiya edilib. 

"Unikal" xəbər verir ki, Bakıda saxlanılan Qırğızıstan vətəndaşları Dövlət Gömrük Xidmətinin rəisinin keçmiş müavini Rayımbek Matraimov və onun qardaşları Tilek, Ruslan və İslambekdir.

Rayımbek Matraimov və “Oşqaz” müəssisəsinin keçmiş direktor müavini olan qardaşı Tilek Matraimov da Azərbaycandan Qırğızıstana hökumət təyyarəsi ilə aparılıblar. 

Qırğızıstan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Dövlət Komitəsi onların saxlanılması və daha sonra Qırğızıstana ekstradisiyası ilə bağlı Azərbaycan tərəfinə məktub göndərib: "Məlum olub ki, Matraimov Qırğızıstanda saxlanılan və Qırğızıstan Respublikasının rəhbərliyinə sui-qəsd hazırlayan transmilli mütəşəkkil cinayətkar qruplaşmanın Azərbaycandan olan üzvləri ilə əlaqəlidir". 

Qeyd olunub ki, o, 2015-2017-ci illərdə Dövlət Gömrük Xidməti rəisinin müavini vəzifəsində çalışıb. 2020-ci ilin oktyabrında hakimiyyət dəyişikliyindən sonra gömrükdə korrupsiyada ittiham olunub.

2024-cü il yanvarın 26-da MTN Rayımbek Matraimovu axtarışa verib. Bildirilib ki, Matraimov ötən ilin payızında Qırğızıstandan Türkiyəyə, daha sonra isə Dubaya gedib. 

Ağarza Elçinoğlu