Son on ay ərzində Türkiyədə separatçı terror təşkilatına qarşı 22 min 541 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində 60-ı ölü, 649-u yaralı olmaqla 830 terrorçu zərərsizləşdirilib. Bu terrorçulardan 121-i isə könüllü təslim olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Bütün dünyanın terrorla bağlı çətin dövrdən keçdiyini deyən nazir Moskvada törədilən terror aktını xatırladaraq dinc insanları hədəf alan bu cür hücumları lənətlədiklərini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Türkiyənin 81 vilayəti və 922 rayonunda başda terror olmaqla hər cür cinayətlərə qarşı belə əməliyyatlar nazirlik tərəfindən davam etdiriləcək.