1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu (ASF) və Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən KİV nümayəndələri və jurnalistlər üçün aqrar sığorta təlimi keçirilib. 

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış aqrar sığorta mexanizmi və Aqrar Sığorta Fondunun fəaliyyəti barədə KİV-lərin maarifləndirilməsi və 9 aylıq nəticələrin açıqlanması məqsədilə keçirilən görüşdə ASF və MEDİA rəsmiləri, KİV nümayəndələri və fermerlər iştirak edib. 

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun sədr müavini Firdovsi Ağaşirinov Azərbaycanda aqrar sektorun inkişafı fonunda aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib. Onun sözlərinə görə, aqrar sığorta Azərbaycanda dövlətin kənd təsərrüfatına və fermerlərə dəstək üçün yaratdığı yeni və çox mühüm mexanizmdir. Fond sədrinin müavini qeyd edib ki, 2019-cu ildə “Aqrar sığorta haqqında” qanunun qəbul olunması, Ölkə Prezidentinin Fərmanı ilə Aqrar Sığorta Fondunun yaradılması və Fondun 2022-ci ildə fəaliyyətə başlamasından sonra aqrar sığortanın tətbiqinə başlanılıb. Qardaş Türkiyənin TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə yaradılan aqrar sığorta mexnizmi ölkənin kənd təsərrüfatını və bu sahəyə yatırılan investisiyaları əsas risklərdən qoruyur.  Bildirilib ki, Aqrar Sığorta Fondunun ilk sığorta müqaviləsi 3 il əvvəl - 2020-ci ilin noyabrın 3-də, yəni hərbi əməliyyatların davam etdiyi dövrdə Tərtər rayonunda imzalanıb. 

Aqrar Sığorta Fondunun sədr müavini Firdovsi Ağaşirinov əlavə edib ki, ötən dövr ərzində Aqrar Sığorta Fondunun fəaliyyəti sürətlə genişlənib. Belə ki, 2020-ci ildə, yəni Aqrar Sığorta Fondunun fəaliyyətə başladığı ilk ildə cəmi 7 min manat sığorta haqqı toplanıb və 29 min manat ödəniş edilib. 2021-ci ildə sığorta yığımları 11,3 milyon manat, 2022-ci ildə 13,7 milyon manat təşkil edib. 2021-ci ildə 4,3 min fermer sığortalandığı halda, 2022-ci ildə 9,1 min fermer sığorta edilib. Fondun sığorta etdiyi məhsulların və təminat verilən risklərin sırası da genişlənib. İlk başlayanda 14 bitkini sığorta edən Fond hazırda 41 bitki üzrə sığorta təminatı verir. Paralel olaraq Fondun həyata keçirdiyi sığorta ödənişləri də sürətlə artır. 2021-ci ildə baş verən sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 1,7 milyon manat ödəniş edildiyi halda, 2022-ci ildə bu məbləğ 2,3 milyon manata yüksəlib, 2023-cü ildə isə bu rəqəm daha da artacaq. Firdovsi Ağaşirinov xatırladıb ki, artıq Aqrar Sığorta Fondu 2023-cü il üzrə fermerlərə sığorta ödənişlərinə başlayıb. 

Tədbirdə iştirak edən Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli KİV-lərdə ixtisaslaşma və iqtisadi mövzuların işıqlandırılmasında təlimlərin əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, MEDİA təşkilatı tərəfindən KİV nümayəndələrinin peşəkarlığının artırılması, iqtisadi mövzular üzrə ixtisaslaşması və məlumatlanması üçün çoxsaylı təlimlər həyata keçirilir və hazırki tədbir bu sahədə mühüm addımlardan biridir. MEDİA rəsmisi aqrar və aqrar sığorta sahəsi ilə bağlı davamlı təlimlərin vacibliyini qeyd edib. 

Təlimdə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin şöbə müdiri Ruslan Fətəliyev Azərbaycanda aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi risklər və məhsullar, eləcə də 9 aylıq nəticələrlə bağlı təqdimatla çıxış edib. Onun sözlərinə görə, hazırda aqrar sığorta vasitəsilə heyvandarlıq, bitkiçilik və balıqçılıq təsərrüfatlarını sığorta etmək olar. Sığorta haqlarının 50%-i fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilir. Təqdimatda bildirilib ki, ölkənin böyük ərazisində 1000 manatlıq buğda məhsulunun sığortalanması fermerə 7-8 manata, qiyməti 1000 manat olan mal-qaranın sığortalanması 31-47 manata, qiyməti 300 manat olan qoyun-keçinin sığortalanması isə cəmi 9 manata başa gəlir. 

Aqrar Sığorta Fondunun “Hadisələrin araşdırılması və tənzimlənməsi” şöbəsinin təmsilçisi Samir İlyasov isə aqrar sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı təqdimat edib. Onun sözlərinə görə, sığorta hadisəsi baş verdikdə fermerlər heyvandarlıq sahəsində 24 saat,  bitkiçilik sahəsində isə 10 gün ərzində Aqrar Sığorta Fonduna məlumat verməlidir. Bu zaman hadisənin araşdırılması üçün müstəqil aqrar sığorta eksperti təyin edilir və dəyən zərər hesablanır. Bütün sənədlər toplandıqdan sonra 7 gün ərzində fermerlərə sığorta ödənişi həyata keçirilir. 

İlk dəfə olaraq bu təlimdə ölkənin müxtəlif regionlarından olan və aqrar sığorta ödənişi alan fermerlər də iştirak edərək Fond rəsmiləri və jurnalistlərlə ünsiyyətdə olublar. İştirakçı fermerlər Rövşən Şərifov (Xaçmaz rayonu, fındıq bağı), Taleh Vəliyev (Şəki rayonu, arpa sahəsi), Həbib Hüseynov (Ağcabədi, alça bağı) və Rüfət Zeynalov (Şamaxı rayonu, arpa sahəsi) əkin sahələrində baş verən təbiət hadisələri və buna görə Aqrar Sığorta Fondundan ödəniş almaları barədə ətraflı məlumat veriblər. İnteraktiv formatda, açıq dialoq şəklində baş tutan tədbirdə fermerlər aqrar sığorta ilə bağlı Fond rəsmilərinə suallar ünvanlayıb və təkliflərini səsləndiriblər. 

Tədbirin sonunda KİV nümayəndələrinə sertifikatlar təqdim edilib.