Tailandın xarici işlər naziri Panpri Phitthanukon kabinetdə baş verən dəyişikliklərdən sonra istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə “Nation” qəzeti məlumat yayıb.

Phitthanukonun sözlərinə görə, onun istefa qərarı hökumətin kadr dəyişikliyi ilə bağlı deyil. “Hesab edirəm ki, Baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılmağımın (o, həm də Baş nazirin müavini idi – red.) heç bir nailiyyətimin olmaması ilə əlaqəsi yoxdur, çünki mən beynəlxalq münasibətlər və beynəlxalq iqtisadiyyat sahəsində çalışmışam. Ümid edirəm ki, Nazirlər Kabinetinin bu dəyişiklikləri ölkənin idarəçiliyini təkmilləşdirməyə, milli maraqların qorunmasında səmərəliliyi və şəffaflığı artırmağa kömək edəcək. Mənə bu hökumətlə işləmək imkanı verdiyinə görə Baş nazirə təşəkkür etmək istərdim”, - deyə qəzet onun istefa ərizəsindən sitat gətirir.

Qeyd edək ki, Tailand Kralı hökumətdə məsul vəzifələrdə bir sıra dəyişikliklər edib.