Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna silahlı hücum olub.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, səfirin avtomobili atəşə tutulub.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb, yalnız xidməti maşına zərər dəyib.

Hücumu kimlərin təşkil etdiyi məlum deyil.

Qeyd edək ki, Sudanda 2013-cü ildə Darfur bölgəsindəki silahlı üsyançılara qarşı hökumət qüvvələrinə dəstək vermək üçün yaradılmış Çevik Reaksiya Qüvvələrinin (xüsusi təyinatlıların) tamamilə orduya qatılmasını nəzərdə tutan “hərbi təhlükəsizlik islahatı” ilə bağlı son bir neçə ayda yaranan fikir ayrılığı, aprelin 15-i səhər saatlarından etibarən qızğın qarşıdurmaya çevrilib.

Ölkənin faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin komandiri - Hemetti kimi tanınan Məhəmməd Həmdan Daqalo arasında açıq mərhələyə keçən münaqişələr səbəbilə 500-dən çox insan ölüb, 4 600-dən çox insan yaralanıb. Qarşıdurmalar davam edir.