17 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

XİN-dən "Unikal"a verilən məlumata görə, tərəflər, cari regional proseslər ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən kommynikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması üzrə Azərbaycanın məlum mövqeyini və bu istiqamətlərdə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Tərəflərin öhdəliklərinin tam icrasının vacibliyi vurğulanıb.

Karen Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi şəhərində baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib və birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfridlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.  Görüş zamanı regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə olunub. Söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

 Mirzoyan həmsöhbətinə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri təqdim edib.

Tərəflər regional nəqliyyat infrastrukturlarının və iqtisadi əlaqələrin blokunun açılması prosesinə, sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların işinə toxunublar.

İyulun 16-da Gürcüstan tərəfinin təşkilatçılığı ilə Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.