"Rusiya sülhməramlı adlanan hərbiçilərinin müvəqqəti yerləşdiyi ərazilərdə, xüsusilə "Laçın" dəhlizi magistralında silahlı erməni birləşmələrinin postlarını qoyması Azərbaycana təzyiqdir". 

Bu sözləri Unikal.org-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Qarabağda erməni özbaşınalığı və sülhməramlı kontingentinin yarıtmaz fəaliyyətini şərh edərkən deyib. 

"Rusiya Qarabağda silahlı erməni birləşmələrinə rəvac verir ki, Azərbaycana qarşı silahlı təxribatlar etsinlər. Artıq müdafi naziri Zakir Həsənov sülhməramlı qüvvələrin nəzarətində olan ərazidə erməni silahlı birləşmələrinə qarşı ciddi tədbirlərin görülməsini əmr verdi. Daha Azərbaycan Qarabağda silahlı erməni birləşmələrinin ovuna çıxacaq. Bir neçə gündür qeyd edirəm ki,  Azərbaycan qanusuz erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirəcəksə, Rusiya sülhməramlı qüvvələri Azərbaycan hərbiçilərinə atəş aça bilməz. Nəhayət ki, müdafiə naziri hərəkətə keçməyi əmr etdi", - deyə siyasətçi bildirib. 

Politoloq onu da qeyd edib ki, 2020-ci ildə imzalanan 10 noyabr sazişi qarşı tərəfdən kobudcasına pozulur:

"Azərbaycan 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinə uyğun olaraq  diplomatik danışıqlarla silahlı erməni birləşmələrinin çıxarılmasına nail ola bilməsə də, yaxında təzyiqlər yolu ilə bu məsələni bitirəcək. Çünki silahlı erməni birləşmələri Qarabağda qaldıqca, Füzuli-Şuşa yolu və Şuşa şəhəri daima atəş altında olacaq". 

Ağarza Elçinoğlu