“Prezident İlham Əliyevin Türkiyənin məşhur CNN Türk kanalına verdiyi müsahibə ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərin Ali Baş Komandan tərəfindən geniş formada təhlilini, eyni zamanda post-münaqişə dövründə qarşıda daynan hədəflər, ərazilərin bərpası və yenidən qurulması işləri haqqında planları özündə ehtiva edir. Məhz bu səbəbdən də cənab Prezidentin CNN Türk kanalına müsahibəsi həm ölkə ictimaiyyəti, həm də xarici mətbuatda böyük maraqla qarşılanıb”.

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. C. Osmanov qeyd edib ki,  ölkəmizin 20 faiz ərazisi 30 ilə yaxın  müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanıldı. O, vurğulayıb ki, Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olsa da Ermənistan sülhdə maraqlı olmadı və işğalçılıq mövqeyindən əl çəkmək istəmədi: “Münaqişənin sülh yolu ilə həll olunmasında mandat almış ATƏT-in Minsk Qrupunun da səmərəsiz fəaliyyəti, eyni zamanda münaqişənin həll olunmasında maraqlı olmaması Ermənistanı işğalçılıq mövqeyində qalmağa sövq edirdi. Prezident cənab İlham Əliyev hər zaman qeyd edirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır, lakin bu o demək deyil ki, səmərəsiz danışıqlar prosesi bu formada davam edəcəkdir. Bu müddət ərzində cənab Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə davamlı olaraq orduquruculuğu həyata keçirildi, Silahlı qüvvələrimizin arsenalı ən müasir silah-texnikalarla zənginləşdirildi. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasətinin nəticəsi olaraq qiymətləndirilir”.
Millət vəkli  bildirib ki,  27 sentyabrda başlanan Vətən müharibəsinə qədərki ərəfədə Ermənistan tərəfi məqsədli şəkildə dövlət sərhəddində davamlı olaraq təxribatlar törədir, ölkəmizə qarşı yeni ərazilər uğrunda yeni müharibələr açıqlamaları ilə danışıqlar prosesinin səmərəsiz və nəticəsiz olduğunu nümayiş etdirirdilər. Məhz Vətən müharibəsi də 27 sentyabrda Ermənistan tərəfindən növbəti təxribat cəhdlərinin qarşısının alınması ilə başlamış oldu. Çünki artıq belə davam edə bilməzdi: “Müharibənin ilk günlərində bəziləri görən dayanacaqlarmı, dayanmayacaqlarmı,  dayandıracaqlarmı, dayandırmayacaqlarmı  deyə düşünürdülər. Lakin müharibə davam etdikcə hər kəs gördü ki, Azərbaycanı heç kəs dayandıra bilməz. Müharibənin ilk günlərində cənab Prezident İlham Əliyev xalqa müraciətlərində və xarici mediaya verdiyi müsahibələrində qətiyyətli formada qeyd edirdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi  dövlətimizin suveren haqqıdır. Cənab Prezidentin bu bəyanatları onun qətiyyətli bir siyasətçi olduğunu bir daha nümayiş etdirməklə yanaşı xalqımızın hər bir nümayəndəsi üçün vətənpərvərlik nümunəsi oldu. Xalqımızın yekdil həmrəyliyi ilə  Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun sayəsində 44 gün ərzində möhtəşəm Zəfər əldə olundu. Artıq münaqişə bitib və Azərbaycan qalib ölkə olaraq işğaldan azad etdiyi ərazilərində bərpa-quruculuq işlərinə  başlayıb. Azərbaycan münaqişədə deyil, sülh və əməkdaşlıqda maraqlı olduğu üçün bölgədə kommunikasiyaların açılmasına çalışır və bu məsələlərdə də qətiyyətli mövqeyi ilə seçilir. Baxmayaraq ki, Ermənistan 30 il boyunca işğalda saxladığı ərazilərimizdə dağıdıcılıq, talançılıq əməlləri ilə məşğul olub. 44 günlük hərbi əməliyyatlardan sonra ağır məğlubiyyətlə üzləşən Ermənistan bu gün də sülh danışıqlarında, sərhədlərin demarkasiyası və delimitasiyası prosesində, həmçinin Zəngəzur dəhlizi də daxil digər kommunikasiyaların açılmasında maraqlı olmadığını, əksinə proseslərin inkişafına əngəl törətməyə çalışdığını öz təxribatcı əməlləri ilə nümayiş etdirir. Bütün bunlar isə Ermənistanın 30 ildə radikal millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiyanın təsiri altında formalaşmış psixoloji duruma malik olmasından və bu mifik ideologiyanın cəmi 44 gün ərzində darmadağın olduğundan xəbər verir.
C. Osmanovun sözlərinə görə,  əslində kommunikasiya vasitələrinin açılmasında Ermənistan daha çox maraqlı olmalı və düşmüş olduğu acınacaqlı durumdan çıxmağa çalışmalıdır. Lakin işğalçılıq mövqeyindən əl çəkə bilməmək bu ölkəni hər ötən gün bir qədər də uçuruma doğru aparmış olur: “Ermənistandan fərqli olaraq Azərbaycan isə sülh və əməkdaşlıqda, regionda davamlı təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Bu baxımdan Zəngəzur dəhlizi xüsusi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin açılması ilə region ölkələri  yeni iqtisadi imkanlar qazanmış olacaqlar ki, bununla da bölgədə sülh və təhlükəsizlik mühiti formalaşmış olacaq. Cənab Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində bütün bu məqamlara bir daha aydınlıq gətirməklə bərabər Ermənistana  növbəti dəfə xəbərdarlıq etmiş oldu.
Xüsusilə Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməzliyi və buna son qoyulmasının vacibliyini qeyd etdi. Əks halda Azərbaycanın ciddi tədbirlər görəcəyini Ermənistan tərəfinin diqqətinə çatdırdı. Cənab Prezident müsahibəsində bildirdi ki, Azərbaycan bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir, hətta Ermənistandan həmin əraziyə gedən və qayıdan avtomobillərin, insanların dəqiq sayı da bəllidir. Bir sözlə,  Ermənistan öz təxribatçı mövqeyindən əl cəkməyəcəyi təqdirdə bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcəkdir.
30 il boyunca işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və İslam irsinin dağıdılmasının Ermənistanın  digər xalqların mədəni irsinə münasibətdə barbar davranışı, vandalizm və dözümsüzlük siyasəti yürütməsi bu ölkənin monoetnik prinsiplərdən uzaqlaşa bilməməsinin göstəricilərindədir. Lakin Azərbaycan multikultural  dəyərlərə hörmətlə yanaşan, bütün xalqların və etnik azlıqların mədəni irsinin qorunub saxlanması istiqamətində davamlı tədbirlər həyata keçirən bir ölkədir. Bütün bunlar isə bir daha sübut edir ki, Ermənistan destruktivlikdə, Azərbaycan isə sülh və əməkdaşlıqda maraqlıdır”.
Deputat regionda sülh və əməkdaşlığın mövcudluğunda region ölkələrinin də rolunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “10 noyabr Bəyanatında Rusiyanın tərəf kimi iştirak etməsi isə bölgədə sülhün bərqərar olunmasında bu ölkənin də müəyyən öhdəliklərə imza atması deməkdir. Üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsində Azərbaycanın Rusiyadan təbii ki, müəyyən gözləntiləri vardır. Ermənistanın bütün şərtlərə əməl etməməsi əslində Rusiya üçün siyasi-diplomatik hörmətsizlik kimi başa düşülür. Bütün bunların fonunda isə Rusiyanın müəyyən dairələrində məsələyə hələ də ikili standartlardan yanaşılması və Ermənistanı silahlandırmaq istəyənlərin olması Azərbaycan cəmiyyəti tərəfindən təəssüflə qarşılanır. Ermənistan kimi işğalçı mövqeli bir ölkənin silahlandırılması niyyəti isə regionda sülh və təhlükəsizliyə əlavə təhdid kimi başa düşülə bilər.
Bu gün regionda sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olan əsas ölkələrdən biri qardaş Türkiyə Respublikasıdır. Vətən müharibəsi günlərində də biz qardaş Türkiyənin siyasi, mənəvi dəstəyinin şahidi olduq və Türkiyə birmənalı olaraq öz mövqeyini bəyan etmiş oldu. Bu işdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın xüsusi rolunu qeyd etmək yerinə düşər. Vətən müharibəsi, eyni zamanda son günlər ərzində Türkiyədə yaşanan təbii fəlakətlər zamanı iki qardaş ölkənin bir-birinin yanında olduqlarının və Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsindən çıxış etdiyinin şahidi olmaq mümkündür. Bu həmrəylik isə ölkəmizin gücünə əlavə güc qatır və Azərbaycanın regionda yeni güc mərkəzi olduğunu təsdiqləyir.
Öz işğalçılıq mövqeyindən əl çəkməməklə dalan ölkəyə çevrilən Ermənistan isə regionun güc mərkəzi olan Azərbaycanın yaratmış olduğu reallıqları qəbul etmək məcburiyyətindədir. Bu qaçılmazdır, bir halda ki, Dəmir Yumruq da öz yerindədir”.