Dekabrın 19-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Unikal.org-a Biləsuvar rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olmuş müraciət əsasında Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Adışovun hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini İlqar Rəsulovun ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, İlqar Rəsulovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 10,253 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlqar Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.