2  fevral  Gənclər  Gününə  həsr olunmuş futbol turniri keçirilib. “ASK İdman Kompleksi”ndə baş tutan turnirin seçmə mərhələləri bir həftə davam edib. 

Unikal.org xəbər verir ki, turnirə  3 yaş qrupu üzrə - 11, 12, 13 yaşlardan ibarət 36 komanda qatılıb. Final mərhələsinə 1, 2 və 3-cü yer uğrunda mübarizə aparmaq üçün 9 komanda çıxıb.

Gənclər Gününə həsr olunmuş turnirin qalibləri 11 yaş qrupu üzrə “Sabah FK”, “Keşlə”, “Neftçi İSM”, 12 yaş qrupu üzrə “Zirə”, “Neftçi PFK”, “Vətən”, 13 yaş qrupu üzrə isə “Zirə”, “Neftçi İSM”, “Neftçi PFK” futbol klubları olub. 

Turnirin sonunda qaliblər “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov,  “Sərhədçi” Olimpiya İdman Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov, “Həyat” Fondunun prezidenti,  xeyriyyəçi  Hacı Nuran və “Azfar” şirkətinin direktor müavini Şiraz Mahmudov tərəfindən sertifikat, diplom və medallar ilə təltif olunublar. 

Qeyd edək ki, turnir “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti, Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü və “Azfar”ın təşkilatçılığı ilə keçirilib.