Bu gün səhər saatlarında Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndində Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlər yolu bağlayıblar.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, həmin əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Bildirilib ki, 31 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.

Bu məqamda Ermənistanda keçirilən etiraz aksiyasının delimitasiya prosesinə necə təsir edəcəyi maraq doğurub.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bu və ya digər etiraz aksiyası delimitasiya prosesinə təsir etməyəcək:

“Delimitasiya prosesində ən ağır mərhələ anklav kəndlərin qaytarılması idi ki, ona etiraz edirdilər. Bundan sonrakı yerlərdə demək olar ki, əhalinin məskunlaşdığı sərhəd bölgələri o qədər də çox deyil.

Üstəlik, həmin sərhəd bölgələrində əhalini qızışdıran Sarkisyanlar, Köçəryanlar, Ohanyanlar və digərləri demək olar ki, yox səviyyəsindədir”, - deyə o qeyd edib.

Politoloq söyləyib ki, bu prosesi qızışdıran Daşnaksütyun partiyasının fəalları ilə Sarkisyan, Köçəryan və Ohanyanın adamlarıdır:

“Onlar vəziyyətdən sui-istifadə edib Nikol Paşinyan hökumətinə qarşı hərbçilərin də qatıla biləcəyi bir etiraz dalğası yaratmaq istəyirlər, amma heç nəyə nail ola bilməyəcəklər. Onların sayı azdır və pis təşkil olunublar. Üstəlik də, dövlətin əlində ordu və asayiş keşikçiləri var. Baş verən proseslərdə kiminsə Ermənistanın milli maraqlarına xəyanət etdiyini sübut etmək mümkün deyil. Təbii bir proses gedir. Bu prosesə də etiraz edənlər ortaya dəlil, sübut qoymalıdır. Onlarda isə belə bir sübut yoxdur.

Onu da qeyd edim ki, delimitasiya prosesi qısa zaman ərzində başa çatan bir proses deyil. Xüsusilə, Zəngəzurda, Kəlbəcərdə, işğal dövründə ermənilər tərəfindən istismar edilən və faydalı qazıntıların olduğu bölgələrdə delimitasiya prosesində gərginlik yaranacaq. Mənim zənnimcə, delimitasiya prosesi ən azı 1 il davam edəcək”.

Murad İbrahimli