Türkiyənin Konya şəhərində Mehmet Çaqını öldürüb, həyat yoldaşı və 2 oğlunu yaralayan 17 yaşlı M.C.Ç.-nin görüntüləri ortaya çıxıb.

Polis bölməsinə aparılan 17 yaşlı gənc ifadəsində “Çox səs-küy çıxaran motosiklet sürürdülər və bu bizi narahat edirdi. Videoya çəkib polisə göstərəcəkdim. Video çəkdiyimi görəndə mənə və atama söydülər. Mən də tüfənglə atəş açdım” deyib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, eEv sahibi M.C.Ç-ni evin ətrafında görərək ondan şübhələnib. Mehmet Çaqın ondan evin ətrafında niyə gəzdiyini soruşanda onlar arasında mübahisə yaranıb. Mübahisəyə Mehmet Çaqının 2 oğlu və M.C.Ç-in atası da daxil olub.

İnsident zamanı evdən ov tüfəngini götürən 17 yaşlı gənc Mehmet Çaqına bir neçə dəfə atəş açıb. Tüfəngdən çıxan güllələr Çaqın, onun yoldaşı və 2 oğlu və yaxını Mustafaya dəyib. Hadisə yerinə polis və təcili yardım gəlib. Belindən ağır yaralanan Mehmet Çaqın həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib. Digər 4 yaralı isə xəstəxanaya aparılıb və vəziyyətlərinin yaxşı olduğu bildirilir.

M.C.Ç və onun atası saxlanılıb. Öldürülən adamın yaxınları tüfənglə atəş açılma anını mobil telefonla lentə alınıblar. Bildirilir ki, 17 yaşlı gənc ona mane olmaq istəyən atasını da tüfənglə təhdid edib.