Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyası barədə tərtib etdiyi protokol məhkəmənin icraatına götürülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas aprelin 24-nə təyin edilib.

Hakim Günel Əkbərlinin sədrliyi ilə protokol araşdırılacaq.

MTRŞ İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib.

Qeyd edək ki, MTRŞ-nın məlumatına əsasən, “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.