"Hazırda Azərbaycanın İqtisadiyyat Nazirliyi ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əalqədar 150-ə yaxın layihə işləyib hazırlayıb". 

Unikal.org xəbər verir ki, bu fikirləri Qubada keçirilən V Qafqaz İqtisadi Forumunda çıxışı zamanı iqtisadçı millət vəkili Vahid Əhmədov bildirib.  
Deputat deyib ki, bu layihələrin həyata keçirilməsi üçün 2 milyarda yaxın vəsait tələb olunur:
"Bu layihələr həyata keçirilsə, Azərbaycanın bütün regionlarında ixracyönümlü məhsullar istehsal olunacaq". 
V.Əhmədov qeyd edib ki, Azərbaycanın 2016-cı il üçün ixracyönümlü məhsulları yalnız kənd təsərrüfatı məhsullarıdır:
"Sənaye və digər sahələrdə ixrac ediləcək məhsullar gələcək illər üçün mümkün olacaq. Bu il isə biz yalnız kənd təsərrüfatı məhsullarının ixracı ilə nəyəsə nail ola bilərik. Hazırda Azərbaycanda ixracyönümlü məhsulların istehsal edilməsi məsələsinə çox ciddi yanaşılır. Hətta, bununla əlaqədar bütün rayon icra hakimiyyəti başçılarına ciddi tapşırıqlar verilib, həmin rayonlarda ixracyönümlü məhsulların həcmi artırılsın".
 
Son vaxtlar dünya bazarında neftin qiymətinin qalxması məsələsinə də toxunan V.Əhmədov bildirib ki, bu hadisə bəzi insanlarda ümidlər yaradır:

"Bəzi insanlar düşünür ki, neftin qiyməti qalxacaq və sairə. Ancaq mən belə düşünmürəm. Neftin qiyməti yenə də aşağı düşə bilər. Yəni, bütün bunlar dünyada gedən siyasi proseslərdən asılıdır. Açıq deyim ki, nə qədər Rusiya Ukraynadan, Krımdan, Donetski və Donbasdan əl çəkməyəcək, neftin ucuzlaşması prosesi davam edəcək. Yəni, bütün dünya da yaxşı bilir ki, Rusiya keçmiş SSRİ-ni bərpa etməyə çalışır. Rusiyanın əsas məqsədi bundan ibarətdir. İndi Rusiya SSRİ-nin bərpası istiqamətində çox ciddi mübarizə aparır. Bunu gizlətmək lazım deyil. Doğrudur, Rusiya bizim qonşu dövlətimizdir, strateji müttəfiqimizdir və biz onunla əməkdaşlıq edirik. Ancaq Azərbaycan müstəqil dövlətdir. Biz 1991-ci ilin 18 oktyabrında müstəqil dövlət qurmuşuq, Azərbaycanın müstəqilliyinə səs vermişik. Bizim ilk müstəqilliyimizi də tanıyan dövlət Türkiyə olub. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan minlərlə insanımız bu gün Şəhidlər Xiyabanında yatır. Onlar bizim müstəqilliyimiz uğrunda mübarizə aparıblar. Ona görə də bu gün Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti cənab İlham Əliyev əsla razı olmaz ki, dövlət müstəqilliyimiz itirilsin. Bu gün biz nə üçün İlham Əliyevi müdafiə edirik? Mən sizə açığını deyirəm. Biz İlham Əliyevi ona görə müdafiə edirik ki, o, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması üçün əlindən gələni əsirgəmir. Əgər sabah kimsə Azərbaycanın müstəqilliyinə xələl gətirmək istəsə, dövlət müstəqilliyimizin əleyhinə olan hər hansı bir addım atsa, əlbəttə ki, biz onunla ölənədək qəti mübarizə aparacağıq. Yəni, Azərbaycanın müstəqilliyi daimi və əbədi olmalıdır. Bu bizim üçün böyük töhfədir. Əgər biz 1918-ci ildə cəmi 23 ay müstəqillik ola bildiksə, bu gün artıq Azərbaycan 25 ildir ki, müstəqil dövlətdir. Mən bilirəm ki, bu yol çox çətindir, ağırdır. Bizim yaşlı insanların düşüncələrində hələ də SSRİ simptomları qalır. Onlar deyirlər ki, SSRİ vaxtı indikindən daha yaxşı idi və sairə. Ancaq indi müstəqil Azərbaycanın bayrağı xaricdə dalğalananda, bununla bütün cavanlar fəxr edir. Mən çox razıyam ki, indiki cavanlar Azərbaycanın müstəqilliyinin qədrini bizdən də yaxşı bilirlər və müdafiə edirlər. Bu il aprelin əvvəllərində cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan gəncləri Qarabağın azad olunması üçün daha çox fəallıq göstərirlər və Ali Baş Komandan cənab İlham Əliyevi müdafiə edirlər. Mən bütün bunları ona görə deyirəm ki, bu gün bizə qarşı xaricdən təzyiqlər çoxdur. Rusiya bizə çox təzyiq edir. İstəyir ki, bizi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Gömrük və Avrasiya ittifaqlarına daxil etsin. Əgər Azərbaycan bu təşkilatlardan hər hansı birinə üzv olsa, biz dövlət müstəqilliyimizi itirəcəyik. Çox vaxtı deyirlər ki, Əbülfəz Elçibəy siyasətçi olamayıb və sairə. Mən 1992-ci ildə Əbülfəz Elçibəylə bir yerdə işləmişəm. Rəhmətlik Əbülfəz Elçibəy Azərbaycan tarixində ən unudulmaz və böyük zəhməti rus qoşunlarını Azərbaycandan çıxartması olub. Bunu hər dövlət başçısı bacara bilməzdi. O vaxtı mən baş nazirin birinci müavini işləyirdim, biz çox əziyyətlər çəkdik. O dövrdə Azərbaycanda nə qədər təxribatlar tödətdilər ki, rus qoşunları buradan çıxarılmasın. Ancaq rəhmətlik Əbülfəz Elçibəy sonadək mübarizə apardı və bir nəfər rus əsgərini Azərbaycanda qoymadı. Baxmayaraq ki, o dövrdə bizim imkanımız çox zəif idi və bizə silah-sursat verən yox idi. Ancaq  buna baxmayaraq biz dövlətin mümstqilliyini qoruyub saxlaya bildik. Bu gün də həmin Azərbaycan 25 ildir ki, müstəqil fəaliyyət göstərir. Düzdür, bu gün biz müstəqil ölkə kimi çətinliklər çəkirik. Mən vətəndaşlarla tez-tez görüşürəm, əhalimizin dolanışıq səviyyəsi yaxşı deyil. Ancaq mən inanıram ki, 30-40 ildən sonra Azərbaycanda heç bir problem qalmayacaq. Çünki bizim millət işləyən millətdir. Mən hər zaman nazirlərə və digər vəzifəli məmurlara deyirəm ki, bu millətə sadəcə toxunmayın, qoyun özləri özlərini dolandırsın, hər şeyi dartıb Azərbaycana gətirəcək və ölkədə də bolluq olacaq. Problem də olan deyil". 

Amid İsbəndərov