Ağdam rayonunda bir neçə ay bundan öncə törədilən oğurluq faktının üstü açılıb.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, rayonun Ayaq Qərvənd kənd sakini Dilbər Əziz qızı Əliyevanın evindən 900 manat pulu oğurlayan şəxslər saxlanılıblar.

Məlum olub ki, Ağdamın Seyidli kənd sakini Bəxtiyar Rəhman oğlu Hüseynov və həmin rayonun Yeni Qaralar kənd sakini Əhməd Habil oğlu Əhmədzadə Dilbər Əliyevanın fərdi evinə soxulublar. Onlar ev sahibinin olmamasından istifadə edərək oradakı sandıqdan 900 manatı aparıblar. Sonradan pulu öz aralarında paylaşıblar.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər tutulublar. Ağdam Rayon Məhkəməsi təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

"Evə girməklə bağlı konkret plan olmayıb. Qərar qəflətən qəbul olunub. İşığı söndürüb girdik içəri", - deyə saxlanılan şəxslərdən biri vurğulayıb.

Baş verən fakt üzrə istintaq işi təzələnərək davam etdirilir.