Əmlakın qeydiyyatında hansı yeniliklər olacaq?
Əmlakın qeydiyyatında
hansı yeniliklər olacaq?

Kadastr işində baş verəcək dəyişikliklərin təfərrüatları "Unikal"da!

Azərbaycanda Dünya Bankının dəstəyi ilə 2007-ci ildən həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Elektron Qeydiyyat İnformasiya Sistemi yaradılır.

Elektron xidmətlər dövrü

Yeni yaradılacaq sistem vasitəsilə göstəriləcək elektron xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Bura daşınmaz əmlakın vəziyyəti (məsələn, həbsdə olub olmadığı) barədə arayışın (forma1), mülkiyyət hüququ barədə çıxarışların, kadastr məlumatlarının - kadastr planlarının, texniki sənədlərin alınması və s. daxildir.
Yeni sistemin tətbiqindən sonra bütün bu sənədlər elektron formata keçəcək və vətəndaşlarla komitə əməkdaşları arasında təmaslar fiziki formadan daha çox elektron formaya keçəcək. Nəhayət, gələcəkdə bu sistemin əsasında Azərbaycanda daşınmaz əmlakın qeydiyyatında "vahid pəncərə" prinsipi tətbiq ediləcək.
Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə yanaşı, sistemin işi ƏMDK-nin digər fəaliyyət sahələrini - dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsini, o cümlədən, əmlakın monitorinqi və icarəyə verilməsi, icarə müqavilələrinə nəzarəti, hərracların keçirilməsini, hesabatların alınmasını və s.-i əhatə edir. Eləcə də bu sistem ünvan reyestri ilə sıx əlaqədə işləyəcək.
Elektron xidmətlər mərhələlərlə tətbiq ediləcək, bütün proses üçün 28 ay nəzərdə tutulub. Bu layihə reallaşandan sonra rüsumların ödənilməsi də elektron şəkildə mümkün olacaq.

Elektron qeydiyyat
necə baş verəcək?

Yeni sistemin tətbiqindən sonra daşınmaz əmlakın elektron qeydiyyatı prosesini sadə şəkildə belə təsvir etmək olar: vətəndaşlar internet vasitəsilə öz ərizələrini göndərəcəklər, ərizələr arxivə daxil olandan sonra proses arxivdə davam edəcək və sonda əmlakın qeydiyyatı ilə bağlı çıxarış sənədlərini imzalanmış şəkildə əldə etmək mümkün olacaq.
Sistemin qurucusu olan "SayberNet" şirkətinin baş direktoru İlham Namazov bildirib ki, elektron sistemə keçəndən sonra hazırda daşınmaz əmlakın qeydiyyatı prosesindəki çoxsaylı proseslər olduqca sadələşəcək və vətəndaşların dövlət qurumlarına müraciətinə ehtiyac qalmayacaq.

Sənədlərin təkrar
toplanması
keçmişdə qalacaq

Bu sistemin ən böyük üstünlüklərindən biri odur ki, elektron qeydiyyat zamanı vətəndaşların ayrı-ayrı dövlət qurumlarından (yəni ƏMDK-dan başqa) müxtəlif sənədlər toplamasına ehtiyac olmayacaq. Belə ki, bu sistem "Elektron Hökumət"in Dövlət İnformasiya Sistemi ilə sıx əlaqədə çalışacaq və digər məlumat bazaları ilə məlumat mübadiləsi həyata keçirə biləcək. Bir qədər də sadələşdirsək, bu prosesdə başqa dövlət qurumlarından alına biləcək məlumatlar tələb olunmayacaq və vətəndaşlar lüzumsuz sənədlərin təkrar toplanması prosesindən azad olacaqlar.
Məsələn, sadə bir misal - alqı-satqı prosesində şəxsiyyət vəsiqəsinin surəti tələb olunmayacaq - çünki notariuslar bu məlumatı, yəni şəxsiyyət vəsiqəsindəki göstəriciləri Daxili İşlər Nazirliyinin məlumat bazasından götürə biləcəklər. Bundan başqa, İ.Namazovun sözlərinə görə, indiyədək tərəflər arasında qohumluq əlaqələrini sübut etmək üçün həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin notariusda təsdiqlənmiş surəti tələb olunurdu. İndi isə bu lazım olmayacaq - çünki həmin məlumatları Ədliyyə Nazirliyinin nəzdindəki Əhalinin Dövlət reyestrindən əldə etmək mümkün olacaq. Əmlakla əməliyyatlar zamanı ən çox vaxt alan prosedurlardan biri - əmlakın hüquqi vəziyyəti (həbsdə olub olmadığı) barədə Reyestr Xidmətindən verilən arayışın (forma 1) alınmasına da ehtiyac qalmayacaq, çünki əmlakın həbsdə olub olmadığını notarius onlayn görəcək və s.
Yeni sistem əmlakın ilkin qeydiyyatı prosesini də dəyişdirəcək. Bunun üçün vətəndaşın ərizəsi elektron şəkildə təqdim ediləcək və bura zəruri sənədlər əlavə ediləcək. Məsələn, indi əmlakın ilkin qeydiyyatı üçün evin sxem-çertyoju (texniki pasportu), icazə sənədləri, torpağa mülkiyyət hüququnu təsdiqləyən sənədlər və digər hüququ təsdiqləyən sənədlər tələb olunur. Bundan sonra isə göstərilən sənədlərdən hansının mənbəyi müvafiq qurumlarda elektronlaşıbsa, onlar təqdim olunmayacaq, qeydiyyat orqanı bu məlumatları həmin mənbədən özü götürəcək. Bu zaman məlumatı təsdiq edən tərəf məlumatın düzlüyünü elektron imzası ilə təsdiqləyəcək.
Eləcə də əmlakın qeydiyyatı zamanı vətəndaşların təqdim etdiyi məlumatlar da digər qurumlarla dəqiqləşdiriləcək. Belə ki, notariuslar tərəfindən bağlanan əqdlər elektron şəkildə mərkəzi məlumat bazasına ötürüləcək və həmçinin müraciət edənlərin pasport və digər məlumatları DİN və Ədliyyə Nazirliyinin əhali reyestri məlumat bazası ilə yoxlanacaq. Nəhayət notariat kontorlarında həyata keçirilən alqı-satqı müqavilələri elektron şəkildə avtomatik olaraq sistemə daxil ediləcək. Bu sistem əmlakın, məsələn, torpaq sahələrinin parametrlərini, qiymət zonalarını və s. məlumatları özündə əks etdirəcək.

Kadastr işində baş
verəcək dəyişikliklər

Ölkə vətəndaşları yeni sistemin tətbiqini ən çox kadastr sahəsində, yəni əmlakla bağlı texniki sənədlərin tərtib olunmasında hiss edəcəklər. Qaydaya görə, qeydiyyatdan əvvəl, əmlakla bağlı texniki sənədlər alınmalıdır. Bura torpaq sahəsi və ya digər əmlakın kadastr planı, ölçü koordinatları, harada yerləşməsi barədə məlumatlar aiddir. Və hazırda ən böyük problemlərdən biri belə texniki sənədlərin verilməsində dövlət qurumlarının hələlik lazım olan səviyyəyə çatmamağıdır. Vətəndaşların əksəriyyəti ƏMDK və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində texniki sənədləri almağa həddən artıq çox vaxt sərf edirlər - xüsusilə də DTXK ilə bağlı məsələlərdə müəyyən təkrarçılıqlar var.
Səbəbi odur ki, torpaq islahatı zamanı verilmiş torpaqların yerləri və ölçüləri ilə bağlı göstəricilər elektron formatda deyil. Bu məlumatlar keçmiş kartoqrafik bazada, yəni indi qətiyyən əlverişli sayılmayan kağız formatında toplanıb. Yeni sistemin tətbiqi ilə bağlı əsas tələblərdən biri bu məlumatların elektron formata çevrilməsidir. Çünki layihənin məqsədlərindən biri də odur ki, vətəndaşlara və hüquqi şəxslərə məhz kadastr planlarının və məlumatların verilməsinin elektron üsulu tətbiq edilsin.
Nəticədə sistem tam istifadəyə verildikdən sonra vətəndaşlar coğrafi məkan sistemlərindən istifadə etməklə, əldə etmək istədikləri sahəni əvvəlcədən internet vasitəsilə görə biləcəklər, onun xassələri ilə tanış ola biləcək, ünvanı və s. kimi məlumatları, yaxınlıqdakı obyektlər, qiymət zonaları, vergi və s. barədə məlumatlar ala biləcəklər.
Ən nəhayət, yeni sistem əmlakın qeydiyyatı ilə bağlı sərf olunan vaxtı və xərci əhəmiyyətli dərəcədə azaldacaq.
Həbibə Abdulla