Andrey Yepifantsev: "Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə ciddi yanaşmalıdır"
Andrey Yepifantsev: "Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə ciddi yanaşmalıdır"
Üzeyir Cəfərov: “İsrail, Rusiya, Ukrayna və Türkiyədən alınmış müasir silahların hesabına ordumuz güney Qafqazın ən güclü hərbi qüvvəsinə çevrilib”
Natiq Miri: “Bir gün Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qalxacaq. Belə olanda regionda nə
baş verəcəyi artıq Ermənistanın havadarlarına qalır”

Rusiyalı ekspert ermənilərə Azərbaycanın hərbi gücünə və Silahlı Qüvvələrinə ciddi yanaşmağı məsləhət görüb. Bu barədə erməni jurnalistləri ilə söhbətində Rusiya Analitika Mərkəzinin rəhbəri Andrey Yepifansev bildirib:
“Generallar həmişə keçən döyüşlərdə səhv və çatışmazlıqlar axtarırlar, amma ermənilər isə həmişə bildirirlər ki, onlar Azərbaycan üzərində qələbə çalıblar və yenə də müharibə başlasa, qalib gələcəklər. Bu, böyük səhvdir. Bu gün Bakıda ordu tamam başqadır və döyüşün nəticəsinin necə olacağı məlum deyil. Ermənistan tərəfi mümkün qədər tez Azərbaycana qarşı olan qalib əhval-ruhiyyəsini dəyişməlidir”. Qarabağ münaqişəsinin həll edilməsində Rusiyanın mümkün dəstəyi ilə bağlı suala gəlincə isə Andrey Yepifansev bildirib ki, Rusiya hərbi bazası Ermənistanı Azərbaycana kömək məqsədilə Türkiyədən gələn zərbədən qoruyacaq.
Müstəqil hərbi ekspert Üzeyir Cəfərlinin “Unikal”a söylədiyinə görə, Son illərdə Azərbaycan ordusunun sərəncamında olan hərbi texnikanın gücü müntəzəm şəkildə artırılır. İsrail, Rusiya, Ukrayna və Türkiyədən alınmış müasir silahların hesabına ordumuz güney Qafqazın ən güclü hərbi qüvvəsinə çevrilib. Buna görə də rəhbərlik tez-tez sıra baxışı, taktiki hazırlığı məsələlərini həyata keçirməkdədir. Amma Silahlı Qüvvələr günü ərəfəsində bütün, xüsusən də döyüş bölgəsində olan hərbi hissələrə müvafiq göstərişlər verilir ki, onlar sayıqlığı artırsınlar”.
Ekspertin dediyinə görə, "Azərbaycan ordusu hərbi təlimlər və hərbi paradlar keçirərkən bu güc daha aydın şəkildə sərgiləndi. Məqsədlərdən biri də gücünü nümayiş etdirmək, müəyyən məsələlərdə dönüşə nail olmaqdır. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da təlimlərin müəyyən mərhələsində xarici ölkələrin Azərbaycana akkreditə olunmuş diplomatik nümayəndələrini dəvət etmək olar. Çünki bunun özü də yaxşı təbliğat vasitəsidir. Bu nöqteyi-nəzərdən çalışmalıyıq ki, keçirilən böyük məsuliyyətli bir tədbir geniş şəkildə işıqlandırılsın”.
Üzeyir Cəfərov onu da əlavə etdi ki, istənilən təlim müharibəyə hazırlıqdır: "Nəzərə alaq ki, Azərbaycan torpaqları işğal altındadır. Azərbaycan ordusunun hər bir təlimi istənilən an döyüş əməliyyatlarına çevrilə bilər. Müharibəni udmaq bizim borcumuzdur”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin “Unikal”a söylədiyinə görə, Torpaqlarımızın 20%-i bu gün işğal altındadır. Hətta dünya hüquq sistemi belə bu məsələləri yalnız müşahidə etməklə məşğuldur. Beynəlxalq hüquq yalnız beynəlxaq gücə arxalanır. Belə olduğu təqdirdə Azərbaycana ordunu gücləndirməkdən başqa yol qoymurlar. O baxımdan Azərbaycan ordusunu ayaqda tutmaq üçün hər an əsgərimiz bu cür təlimlərlə döyüş ruhunu özündə saxlamalı, peşəkarlğını artırmalıdır. Ermənilərin Dağlıq Qarabağda keçirdiyi hərbi təlimlər görüntü xarakterli, çox az həcmdə olan təlimlərdir. Belə təlimləri həftənin hər günü Azərbaycan ordusunun keçirmək imkanı var. Azərbaycan ordusunun keçirdiyi hərbi təlimlər genişmiqyaslı, bütün hərbi strukturları özündə ehtiva edən, bir növ kiçik müharibə apara biləcək təlimlərdir. Bunlar Azərbaycan əsgərinin döyüş qabiliyyətini daim hazır saxlamaq üçün hesablanıb. Qarşı tərəfə və onların
havadarlarına mesajdır ki, Azərbaycan ordusunun gücünü görsünlər. Bilsinlər ki, Azərbaycan ordusu hər an torpaqlarını azad etmək iqtidarındadır. Bir gün Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qalxacaq. Belə olanda regionda nə baş verəcəyi artıq Ermənistanın havadarlarına qalır. Yəni bütün məsuliyyət onların üzərinə düşəcək. Çünki beynəlxalq hüquq 20 ildir ki, Azərbaycan torpağını geri qaytara bilmir. ATƏT-in həmsədrləri isə ancaq turist səfərləri ilə məşğuldur. Ona görə də Azərbaycan ordusunun bundan başqa yolu qalmayıb”.
Adil Hüseynli