SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Keyfiyyətin təminatı şöbəsinin rəisi Güldanə Hidayətli və Beynəlxalq əlaqələr şöbəsinin böyük metodisti Nəzrin Əliyeva Özbəkistanın Daşkənd şəhərində ezamiyyədə olublar. 

"Unikal" xəbər verir ki, BANM-in əməkdaşları Mərkəzi Asiya Universiteti, Daşkənd Kimya Texnologiya İnstitutunda görüşlər keçirib, Özbəkistanın Əl-Biruni Beynəlxalq Məktəbləri, o cümlədən Daşkənd şəhərində fəaliyyət göstərən bir sıra orta məktəblərdə yuxarı sinif şagirdləri üçün BANM haqqında təqdimatlar edib, həmçinin Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüb, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mərkəzi ziyarət ediblər.

Daşkənd Kimya Texnologiya İnstitutunda keçirilən görüşdə Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramları, tələbə mübadiləsi və Bakıda Özbəkistan tələbələri üçün yay məktəblərinin təşkili ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub. 

BANM əməkdaşları, həmçinin “Uzbekneftqaz” şirkətində Biznesin inkişafı üzrə şöbə rəisi Suhrob Annamuradov ilə görüşüblər.Görüşdə şirkət əməkdaşlarının BANM-də qısamüddətli proqram əsasında təhsil almaları və digər məsələlər müzakirə olunub.