"Bədxassəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir və bu, təsdiq olunub".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bədxassəli şişlərin əmələ gəlməsində tək qidaların istehsalı yox, emalı da böyük əhəmiyyət daşıyır. Sağlam qida istehsal olunsa da, o düzgün emal edilmirsə, insan orqanizmi üçün son dərəcə təhlükəli hala çevrilir.

"Konservləşdirilmiş qidalar, hisə verilmiş ət və balıq, həddən çox heyvani piylər bədxassəli şişlərin əmələ gəlməsində əsas səbəb kimi elmi tədqiqat baxımından təsdiq olunub və bu, inkar edilə bilməz".

Ə.Əmiraslanov bildirib ki, sağlam qida olmadan insan sağlamlığı haqqında danışmaq çətindir: "İnsan bədəninə daxil olan infeksiyaların, parazitlərin, virusların böyük əksəriyyəti qida vasitələri ilə daxil olur. Xüsusilə yolxucu xəstəliklərin əksəriyyəti zərərli qida məhsullarından keçir. Pandemiyaların, epidemiyaların, hətta ürək damar, onkoloji xəstəliklərin yaranmasında qida faktoru mühüm rol oynayır. Onkoloji xəstəliklərin 25 faizdən çox səbəbi qida faktorudur. İnsan sayının artmasına görə GMO məhsullarının qida məhsullarının tərkibində olması qaçılmazdır. Sadəcə bu məsələyə nəzarət güclü olmalıdır”.

 

Anar Kəlbiyev