Aprelin 17-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının  8 Noyabr  prospekti 9A ünvanı üzrə  ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanın bugünkü uğurlarından geniş bəhs edərək bildirib ki, möhkəm təməl gələcəyə daha böyük inamla baxmağa əsas verir. Ümummilli Lider Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, bir sözlə, müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. 1993-cü ildən başlanan Qurtuluş Azərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə qovuşdurdu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində son 20 ildən artıq dövrdə  Azərbaycanı  zirvələrə aparan Prezident İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır.

Vüqar Rəhimzadə vuğulayıb ki, Azərbaycan xalqı öz tarixinə sahib çıxan xalqdır, yenilməzliyi, məğrurluğu ilə daim dünyanın diqqətindədir. Tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi “dəmir yumruq” kimi birliyimizin nümayişi, xalqımızın yenilməzliyinin təqdimatı oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mühüm çağırışlarından biri bu oldu ki, müstəqilliyimizi, suverenliyimizi daim etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməlidirlər. Bu birlik, həmrəylik şanlı Zəfərimizdə öz sözünü dedi. Son üç ildən artıq dövrün reallıqları sırasında bu qürurverici anı xüsusi qeyd etmək istərdik ki, Qarabağın tacı Şuşa 30 ildən sonra  dünya azərbaycanlılarını bir araya gətirdi və bu məkandan dünyaya birlik, həmrəylik çağırışı edildi.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin son 20 ildən artıq dövrdə rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası daim monolitliyi ilə nümunə olub. Partiyada birləşən 800 minə yaxın üzvün hər biri dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycanın yaratdığı yeni reallıqların, dövrün çağırışlarına uyğun olaraq müəyyənləşdirilən yeni hədəflərin həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərirlər. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, bütövlükdə regionun aparıcı siyasi təşkilatıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Vüqar Rəhimzadə yeni dövrün çağırışları əsasında keçirilən  7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsini son 20 ilin uğurlarına, bütün vədlərin həyata keçirilməsinə  verilən dəyər, YAP-ın cəmiyyətdə artan nüfuzunun göstəricisi kimi qeyd edib.

Sonra təşkilatı məsələyə baxılıb. Səadət İbrahimova YAP Xətai rayon təşkilatının 8 Noyabr  prospekti 9A ünvanı üzrə  ərazi partiya təşkilatın sədri, Günel Mircəfərova sədr müavini seçiliblər.