Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə V.Byanyimanın XI Qlobal Bakı Forumunda iştirakının önəmi qeyd olunub.

Azərbaycanın BMT-nin müxtəlif təsisatları, ö cümlədən UNAIDS ilə yaxından əməkdaşlıq etdiyi və onların fəaliyyətini dəstəklədiyi vurğulanıb.

İİV/QİÇS ilə mübarizənin Azərbaycanın milli səhiyyə strategiyasının əsas istiqamətlərindən biri olduğu bildirilib.

Diqqətə çatdırılıb ki, 2006-cı ildən başlayaraq Nazirlər Kabineti tərəfindən hər 5 illik dövr üçün İİV/QİÇS ilə mübarizə üzrə Tədbirlər Proqramı qəbul edilir. Proqramların hazırlanması Ümumdünya Səhiyyə Təşkilatı, UNAIDS və Qlobal Fondun tövsiyələri əsasında və onların dəstəyi ilə həyata keçirilir.

Görülən tədbirlər nəticəsində Azərbaycanın yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer aldığı qeyd edilib.

Həmçinin Azərbaycan Respublikası ilə UNAIDS arasında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçirilib.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev iştirak edib.

*** 18:15

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, görüşdə müasir dünyanı narahat edən məsələlərin müzakirəsi üçün nüfuzlu platforma olan XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Forumun panellərindən birinin səhiyyə məsələlərinə həsr olunması xüsusilə qeyd edilib. Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uzunmüddətli səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Baş nazir Əli Əsədov Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin prioritetlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunmasıdır.

Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin Ümumdünya Səhiyyə Təşkilatının prioritet istiqamətləri və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.

Həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev də iştirak edib.