8 noyabr Zəfər Günüdür. Müstəqil Azərbaycan dövlətinin tarixindəki ən şərəfli gündür. Uzun illər təqvimimizdə qara hərflərlə yazılan günlərimiz çox idi. İşğal tarixlərini əzbərlədiyimiz, hətta artıq əzbərlətdiyimiz bir nəsil yetişirdi. Uzaq keçmişimizdə, tarixin şanlı səhifələrindəki qələbələrdə özümüzə pay biçib təskinlik tapırdıq. Amma dövlət olaraq da, xalq olaraq da içimizdə bir sızı, bir boşluq, bir yarımçıqlıq vardı. Nə qədər dik durmağa çalışsaq da, erməni toplumuna məğlub olmağı həzm edə bilməyən, lakin acı gerçəkliklə az qala barışmaq həddindəydik. Lakin...

Elə bir gün gəldi ki, “artıq yetər” nidası ilə 44 günlük Vətən Müharibəsi başladı. Xalq da, Dövlət də sanki qəflət yuxusundan oyanmış kimi bir yumruq oldu. Biz xalq, dövlət cildindən çıxıb bütöv bir ORDU olduq. Məhz bu ORDU ruhu bizi qələbəyə apardı. İllərdir tamarzı qaldığımız zəfərə çatdıq. Artıq biz yeni tarix, yeni təqvim yazdıq. Daha təqvimimizdə qara hərfli işğal günləri deyil, zəfər günləri var. Qızıl hərflərlə yazılan 44 şanlı gün. O 44 gün igid Azərbaycan oğullarının qanı ilə yazıldı. Bu artıq təqvim deyil, tarixdir. Şəhid qanı ilə yazılan tarix. 8 Noyabr Zəfər Günüdür. Bu zəfər bir günə, bir əsrə, bir minilliyə sığmayan bir gündür. Amma...

Zəfər günü bayramdır, şərəfli tarixdir, amma bu bayramın bir başqa üzü də var. Bəlkə də çoxlarının görmədiyi, duymadığı hüznlü üzü. İnanmıram ki, kimsə 30 il işğalda olan torpaqlarımızın, Vətənimizin düşmən tapdağından azad olunmasına sevinməsin, qürur duymasın. Əksini düşünənlərin qanında xarablıq axtarmaq olar. Bu zəfər hər bir azərbaycanlı üçün susuzluqdakı su kimi gəldi. 

Yəqin ki, Zəfər Günü ilə bağlı tədbirlərə diqqət edirsiz. O tədbirlərdə ön sıralarda şəhid anaları, həyat yoldaşları, əlini, ayağını, gözünü itirmiş qazilərimiz dayanırlar. Zəfərin hüznlü üzü şəhid analarının qara örpəyində, şəhid xanımlarının gözlərindəki nisgildə, şəhid balalarının məğrur, amma içindəki sınıqlığında gizlənib. Zəfərin hüznlü üzü qazilərimizin itirdiyi əzalarında, yarımçıq bədənlərində gizlənib. Zəfər Gününü qeyd etmək, Zəfər Günündə öndə dayanmaq, bu zəfəri başıdik, alnı açıq yaşamaq onların haqqıdır. 

Şəhidlərin haqqı ödənməz. Vətən üçün ən dəyərli hüququndan, yaşamaq hüququndan keçmək hər insana nəsib olmur. Tanrı bu lütfü hər bəndəsinə nəsib eləmir. Hər bəndə də bu müqəddəs yolculuğa çıxmaq cəsarətini və hidayətini özündə tapmır. Onların çoxu bilməyərəkdən bu şərəfli yolun yolcusu olurlar. Onlar əbədi bir yüksəkliyə, şəhidlik zirvəsinə ucalırlar, amma geridə dərin, bir o qədər də şərəfli olan acı buraxırlar. Şəhidlər bu xalqa, bu dövlətə qələbə, qüdrət, şanlı bir tarix ərməğan edirlər, amma zəfərin hüznlü üzünü öz ailələrinə miras qoyub gedirlər.

Zəfər Günündə hər kəs sevinir, bayram edir, amma bu bayramın hüzn gətirdiyi ailələr var. Xalq olaraq zəfər qazandıq, amma analar, atalar övladlarını, qadınlar yarlarını, uşaqlar atalarını itirdilər. Amma...

Əminəm ki, bütün şəhid yaxınları əzizlərinin müqəddəs bir amal uğrunda canlarını fəda etdiklərini anlayırlar, çətin də olsa, qəbul edirlər. Şəhidlər canlarını fəda edib bu dövlətin, bu millətin boynuna böyük haqq qoyublar. Onların haqqı ödənməz. Amma unutmaq olmaz ki, bu zəfərdən dolayı şəhid ailələrinin də bu dövlətin, bu millətin boynunda haqqı var. Çünki onlar övladsız, ərsiz, atasız qaldılar ki, bu Dövlət qüdrətli, bu Vətən azad, bu xalq xoşbəxt olsun. Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün...

Biz kimləri itirdiyimizi anlayırıq, amma nə qazandığımızı da bilirik. Mən və ailəm şəhid yaxını olaraq, uşaqlığımızı, gəncliyimizi, xoş günlərimizi, səadətimizi itirmişik, amma möhtəşəm, tarixdə qalan zəfər qazanmışıq. Biz haqqımızı bu Dövlətə də, bu millətə də halal edirik. 

Ruhunuz şad olsun, Şəhidlərimiz!

Zəfər Günün kutlu olsun, əziz Xalq!

Zaur Əhməd