Bakı Slavyan Universitetinin rektoru sabiq rektoru Asif Hacıyevi yaxşı tanıyırdım. DƏK layihəsi zamanı azı 100 dəfə görüşmüşük. Onda prorektor idi. Həmişə belə bir adamın bu boyda vəzifəni necə tutduğuna təəccüb edirdim. O dərəcədə qorxaq, yumşaq və müti idi ki, ona sadəcə yazığım gəlirdi.

Məni sərt hərəkətlərdən məhz onun son dərəcə yazıq, aciz mövqeyi çəkindirirdi. DƏK kitablarının ilk partiyası çıxanda Kamal Abdulla bizi yığıb toplantı keçirtdi (Bu, ilk və son toplantı oldu).

Mən danışmaq üçün ayağa qalxanda, boylanaraq üzümə elə yazıq-yazıq baxdı ki, tənqidi fikirlərimdən vaz keçdim. Dedim ki, bu layihəni bütün gücümlə dəstəkləməyə hazıram. Bundan sonra hətta Kamal Abdullaya qarşı hücumlara cavab verən bir yazı da yazdım. Mənə "sağ ol" deməkləri bir yana, layihədən uzaqlaşdırdılar.

Amma o yazıq adamın sadəcə mənimlə "kişi kimi" üzülüşməyə gücü çatdı. Yəni pulumu axır ki, verib, dolayısı ilə "get" dedi. Çünki heç vaxt açıq, konkret, dəqiq danışmırdı, bu cür danışa bilmirdi. Bəlkə də, elə bu xüsusiyyətinə görə sonradan rektor oldu.

Belə adamlara Azərbaycanda "pis oğlan deyil" deyirlər. Amma onlar yaxşı oğlan da deyillər. Çünki adətən yaxşı oğlanların başını kəsmək üçün pis adamların əlində alət rolunu oynayırlar.

Mənim o adama qarşı kinim yoxdur, o, buna heç layiq də deyil. İnanıram ki, bu sətirləri oxusa belə, məndən inciməyəcək. Çünki inciməyə də qadir deyil. Əgər məqam sahibi olsam, məmnuniyyətlə mənə də qulluq göstərər.

Bu statusu sadəcə, yeri gəlmişkən yazdım ki, insanlar bizə necə adamların rəhbərlik etdiyinə dair daha bir örnəklə tanış olsunlar.

Amma mənim DƏK layihəsi ilə haqq-hesabım hələ bitməyib....