Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Unikal" qəzetinə müsahibə verib. O, son günlər Qarabağ ərazisində yerləşən qanunsuz erməni silahlı birləşmələrinin təxribatları, rus sülhməramlı qüvvələrinin fəaliyyətsizliyi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. 

- Akif bəy, son günlər Qarabağdakı qanunsuz erməni silahlıları yenidən aktivləşiblər. Sizcə nə baş verir?

- Dünyada proseslərin gərginləşməsi fonunda ermənilər də nə isə etməyə çalışırlar. Tarix boyu onlar belə vəziyyətlərdən istifadə etməyə çalışıblar. 1905-1906-cı illərdə Rusiya inqilabı dövründə və 1918-1920-ci illərdə də ara qarışmışdı. Ermənilər həmin dövrlərdə də Azərbaycana qarşı təxribat törətdilər. İndi, yenə də dünyada münasibətlər gərgindir. Ona görə də, ermənilər nə isə əldə etməyə çalışırlar, amma bunu bacarmırlar. Buna səbəb isə onlara dəstək verən xarici qüvvələrin olmamasıdır. Yəni, Rusiya da Ermənistana dəstək vermir. Bəzi mətbu orqanlar insanlarda o rəyi yaratmağa çalışırlar ki, guya Rusiya Ermənistanın arxasında dayanır və buna görə də onlar nə isə etmək istəyirlər. Məsələyə ciddi yanaşsaq görərik ki, Rusiyanın Ermənistana dəstəyi hiss olunmur.  Qərb də əsasən Ukraynadakı problemləri həll etməyə çalışır. Ermənistanın özündə də ikili yanaşma var. Digər tərəfdən Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri atəşkəsi pozur, təxribatlar törədir. 

- Məsələ odur ki, Ermənistanın rəhbərliyi son dövrlər kifayət qədər yumşaq mövqe tutur, sülh sazişi imzalamağa hazır olduqlarını bəyan edirlər...

- Bilirsiniz, Azərbaycan Ermənistana 5 bənddən ibarət olan sülh müqaviləsi təklif edib. Ermənistan rəhbərliyi isə prinsipcə həmin şərtləri qəbul edir. Həmin şərtlər təqdim olunmazdan öncə də Azərbaycan sərhədlərin toxunulmazlığı ilə bağlı öz mövqeyini bildirmişdi. Paşinyan da öz açıqlamasında bildirmişdi ki, 1991-ci ilin dekabr ayında Müstəqil Dövlətlər Birliyi (MDB) yaranarkən saziş imzalanmışdı və sazişə əsasən MDB-yə daxil olan dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü tanıdığı, həmçinin birliyə daxil olan ölkələrə qarşı ərazi iddialarının olmayacağı qeyd edilirdi. Görünür ki, Ermənistan cəmiyyətində həmin sazişə əsasən rəy formalaşdırmağa çalışırlar. Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bildirdi ki, bu məsələ ilə bağlı mübahisə yoxdur. Yenə də, bir əl yeri qoymağa çalışırlar. Mirzoyan son açıqlamasında danışıqların Minsk qrupu tərəfindən aparılmasını bildirdi. Eyni zamanda, onlar artıq "Dağlıq Qarabağ"ın müstəqilliyindən danışmırlar. Yalnız Azərbaycanın ərazisində status istəyirlər. Buna da Azərbaycan rəhbərliyi doğru olaraq öz sərt mövqeyini bildirdi ki, bu oyunlara son qoyulmalıdır. Azərbaycan ərazisində hansısa bir qrupa status verilməsindən söhbət gedə bilməz. İstənilən halda, ermənilərin dedikləri ilə etdikləri üst-üstə düşmür. "Dağlıq Qarabağ"da gedən proseslər yenə də Ermənistandan idarə olunur. Ona görə də, Qarabağda törədilən təxribatlara görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır və onlar tərəfindən törədilmiş sayılır. Azərbaycan isə bu təxribatlara son qoyulmalı olduğunu ifadə edir. Bunun yeganə yolu isə ondan ibarətdir ki, həmin ərazidə olan qanunsuz erməni silahlı dəstələri ləğv olunmalıdır. 

- Törədilən təxribatlara görə Rusiya sülhməramlıları məsuliyyət daşıyırmı? Axı, atəşkəs onların nəzarət etdiyi ərazilərdə pozulur?

- Bunun iki cavabı olabilər. Birinci variant ondan ibarətdirki, olabilsin bu məsələdə Rusiyanın da barmağı varki, orada müəyyən qanunsuz silahlı dəstələr saxlanılsın. İkinci variant isə o ola bilər ki, Rusiya bu məsələlərə nəzarət edə bilmir. Rusiya ordusunun bir mifi var idi ki, Rusiya hərbçiləri güclüdür və hərşeyə nəzarət edir. Ukrayna Rusiya müharibəsində həmin mif dağıldı. Hərkəsə qalib gələcək bir ordu da yoxdur. Əgər orduda nizam-intizam yoxdursa, pozuculuq halları varsa, ordunun daxilində rəhbərliyə iddialı olanlar varsa, belə təsəvvür yaranır ki, vahid komandanlıq yoxdur. Bilirsiniz ki, Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığı tez-tez dəyişir. Hər dəfə də elə bil ki, həmin komandanın şəxsi xarakterinə uyğun hərəkət edilir. Hazırda sülhməramlıların komandanı Andrey Volkovdur. Onunla bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta bildirilir ki, bəzən o, Rusiyanın rəsmi siyasətinə uyğun olmayan mövqe də tutur. Nəticədə, pozulmuş bir ordu təsəvvürü yaranır. Əgər ordu pozulubsa, onun daxilində nizamsızlıq və pərakəndəlilik varsa, fərqi yoxdur, o, nizamlı orduya qarşı vuruşur və yaxud da hansısa qanunsuz silahlı dəstəyə qarşı mübarizə aparır. Yəni, effektli hərəkət edə bilmir.

- Sizcə, Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə qarşı anti-terror əməliyyatı həyata keçirilməlidirmi?

- Biz baxmamalıyıq ki, regionda hər hansı digər bir hadisə baş verir və biz hərəkətlərimizi ona uyğunlaşdıraq. Biz öz məqsədlərimizə uyğun hərəkət etməliyik. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata görə, həmin ərazilər Azərbaycan ərazisi kimi qəbul edilib. Nəticədə, həmin ərazilər həm bəyanata görə, həm tarixi və hüquqi baxımdan, həm də Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış Azərbaycan ərazisidir. Həmin ərazilərdə Azərbaycan hakimiyyəti bərpa olunmalıdır. Ermənistan bir ovuc quldurun orada müstəqil hərəkət etməsi ilə bağlı yanlış təsəvvür yaratmamalıdır. Orada proseslər birbaşa Ermənistan tərəfindən idarə edilir. Əgər üçtərəfli razılaşma əldə olunubsa, deməli, Ermənistan rəhbərliyi şərait yaratmalıdır ki, Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və digər ərazilərdə Azərbaycan bayrağı dalğalansın, Azərbaycan hakimiyyəti həmin ərazilərdə bərqərar olsun. 

- Artıq il yarımdır ki, razılaşma var, amma Ermənistan həm siyasi-doplomatik sürüşkənlik edir, həm də qanunsuz silahlı dəstələrin əli ilə təxribatlar törədir. Belə olan təqdirdə nə etməliyik?

- Əgər şərtlərə əməl olunmasa, Azərbaycanın mütləq iradəsi həmin ərazilərdə bərqərarolmasına, şərait yaradılmasa, Azərbaycan anti-terror əməliyyatı və yaxud hər hansı lokal hərbi əməliyyat da həyata keçirə bilər. 10 noyabr Bəyanatı imzalanandan sonra biz bildirdik ki, bu, böyük qələbədir, amma tam qələbə deyil. Tam qələbə tezisini irəli sürdük və onu dövlət qurumlarına da göndərdik. Orada bildirdik ki, Xankəndi və digər ərazilər də bizim nəzarətimizə keçdikdən sonra bu, tam qələbə hesab oluna bilər. Bunun isə iki yolu var. Ermənilər öz öhdəliklərinə əməl etməlidirlər ki, Azərbaycanın hərbi və polis qüvvələri oraya daxil olsun və eyni zamanda, dinc əhali geri qaytarılsın. Ya da bu məsələ hərbi yolla həll olunmalıdır. Belə görünür ki, artıq Azərbaycan hərbi yola əl atmalıdır. Dünyada hansı proseslərin getdiyi müəyyən mənada nəzərə alınmalıdır, amma buna çox  da dərinə gedilməməlidir. İstənilən halda, ermənilər atəşkəsə əməl etmirlər. Xarici işlər nazirinin müavini Xələf Xələfov da açıqlamasında bildirdi ki, bu konteksdə müəyyən proseslər ola bilər. Müdafiə Nazirliyinin də son proseslərlə bağlı oxşar açıqlaması oldu. Açıq şəkildə deyilmədi ki, orada atışma davam edir yoxsa yox, amma həmin ərazilərin bizim haqqımız olduğunu, oraya qayıtmalı olduğmuz və qayıdacağımız qeyd edildi.

Z.Məmmədli