Ukraynada koronavirus səbəbiylə həyatını itirən Xarkov Bələdiyyə başçısı Gennadiy Kernes üçün təşkil edilən cənazə mərasiminə 110 min adam qatılıb. 

Unikal.org xəbər verir ki, 2010-cu ildən bəri Ukraynada Xarkov şəhərinin Bələdiyyə başçısı vəzifəsində çalışan və xalq tərəfindən sevilən Gennadiy Kernes, koronavirus müalicəsi üçün  Almaniyada xəstəxanaların birinə yerləşdirilib.  Uzun sürən müalicədən sonra Kernes koronavirusa məğlub olaraq həyatını itirib.  

Almaniya ilə Ukrayna arasında aparılan diplomatik danışıqlar nəticəsində Kernesin cənazəsi Xarkova gətirilib və dəfn mərasimi təşkil edilib. 

Polis qüvvələri tərəfindən sıx təhlükəsizlik tədbirlərinin alındığı mərasimə bürokratlar, iş adamları, həmkarları, ailəsi və yaxınları daxil olmaqla 110 min nəfər qatılıb. Mərasimdən sonra Kernes Xarkovdakı 2 nömrəli qəbiristanlıqda dəfn edilib.