Dünən axşam saatlarında Samux rayonunda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, 3 uşaq anası olan 30 yaşlı bacısı Gülnarə Həsənovanı öldürən Cavad Həsənov özü də evli olub. Onun 2 övladı var.
 
Hadisənin baş vermə səbəbinə gəlincə, Hacallı kənd sakini olan C.Həsənov bacısını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O, ilkin ifadəsində bildirib ki, bacısına həyat tərzində dəyişiklik etməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib və onu yüngül həyat tərzi keçirməkdən yayınmağa çalışıb. Dünən toy məclisindən sərxoş vəziyyətdə qayıdan 32 yaşlı Cavad əvvəlcədən planlaşdırılmış formada bacısının evinə daxil olaraq onu bıçaqlayıb. O, bacısının boğaz, döş qəfəsi, qarın və qol nahiyələrinə ümumilikdə 10-a yaxın zərbə endirib.
 
Bildirilir ki, G.Həsənova bir müddət əvvəl həyat yoldaşından boşanıb və bundan sonra atasının evinin yaxınlığında kiçik bir ev tikərək 3 övladı ilə burada yaşayıb. Qətl hadisəsi də həmin evdə baş verib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

-----------

10:08

Samuxda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Samuxun Hacallı kəndində qeydə alınıb.
 
Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb. Qadın hadisə yerində ölüb. Qətl hadisəsi Gülnarə Həsənovanın övladının gözü qarşısında törədilib. Bir neçə ay əvvəl həyat yoldaşından ayrılan mərhumənin 3 uşağı var.
 
Məlumata görə, Cavad Həsənov cinayəti törədən zaman içkili olub. Mərhumənin anası Elnaz Həsənova bildirib ki, qızı ilə oğlu arasında münasibətlər bir müddət əvvəl pozulub. Bir neçə dəfə mübahisələri olsa da, bu gün içkili vəziyyətdə toydan qayıdan qardaş bacısını qətlə yetirib. Hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cavad Həsənov saxlanılıb.
 
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Milli.Az anspress-ə istinadən bildirir ki, Cavad Həsənovun iki övladı var. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.