Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Biznes İdarəçiliyi fakültəsi və Universitetin "Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Biznesdə uğurlu addımlar mövzusunda tələbə biznes forumu keçirilib. 

Unikal.org xəbər verir ki, forumda yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, akademik şəxslər və mətbuat nümayəndələri iştirak ediblər. Forumun açılışında çıxış edən ATMU-nun prorektoru Anar Eminov bildirib ki, artıq bir neçə ildir ki, dövlətimiz tərəfindən gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onların bu sahəyə olan marağının artırılması istiqamətində müxtəlif tədbirlər görülür.
Onun sözlərinə görə, forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır. Eyni zamanda gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq bu səpgidə forumlar, seminarlar və təlimlərin keçirilməsini məqsədəuyğun saymışıq.

A.Eminov çıxışında bildirib ki, gənclərin müvafiq forumlara marağı olduqca böyükdür və müraciətlərin sayı gözləniləndən də çoxdur. Məhz buna görə qarşıdakı aylarda bu mövzuda bir neçə layihənin reallaşması nəzərdə tuulub. Bunlardan biri də "Biznes Mən layihəsidir. Layihə qaliblərinə ATMU tərəfindən pul mükafatının verilməsi qərara alınıb.

Forumda "Biznes İdarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev bildirib ki, bu formatda forumların təşkili gənclərin nəzəri və praktiki biliklərinin ,o cümlədən biznes maraqlarının artırılmasını təmin edir. Həmçinin sahibkarlığın inkişafına təkan verir.

"Biznesdə uğurlu addımlar adlı forumda iştirakçı təlimçilər gənclərə bilik və bacarıqlarından söz açmış, çoxsaylı sualları cavablandırıblar.