16 - 22 oktyabr 2018-ci il tarixlərində Azərbaycan Turizm və Menecment Universitetinin "Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Bolqarıstan Respublikasının Plovdiv şəhərində keçirilən "Sosial-iqtisadi regionlaşdırma: ənənələr, müasir vəziyyət və problemlər mövzusuna həsr olunan beynəlxalq elmi-praktik konfransda iştirak edib. 

Unikal.org xəbər verir ki, tədbirin açılış mərasimində Bolqarıstan Respublikası Milli Məclisin millət vəkilləri, Plovdiv şəhərinin başçısı və universitet rektoru təbrik nitqi ilə çıxış ediblər. Beynəlxaq elmi konfransın keçirilməsində başlıca məqsəd əhəmiyyətli elmi-tədqiqat işlərinin hərtərəfli müzakirəsi və adı çəkilən təhsil müəsissəsinin tədris prosesi ilə yaxından tanış olmaq idi. ATMU-nun kafedra müdiri N.Quliyevin bildirdiyinə görə Bolqarıstan Aqrobiznes və Kənd təsərrüfatı Universiteti ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında ikitərəfli müqavilə mövcuddur. Elə bu səbəbdən universitetlərdə birgə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, Bolqarıstan Respublikasının Plovdiv şəhərində "Sosial-iqtisadi regionlaşdırma: ənənələr, müasir vəziyyət və problemlər mövzusuna həsr olunan beynəlxalq elmi-praktik konfransda 29 ölkənin (Şri-Lanka, Polşa, Çexiya, Moldova, Almaniya, Ukrayna, Gürcüstan, Rusiya və s.) nümayəndələri iştirak edib. Tədbir iştirakçıları sertifikatla mükafatlandırılıblar.