Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yenidən məhkəməyə müraciət edib.
Unikal.org apa-ya istinadən məlumatına görə, 2010-cu il oktyabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Hamlet Fərziyev Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edib. O, barəsində olan hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsini istəyir. Şikayət üzrə məhkəmə prosesi mayın 27-də keçiriləcək.
Xatırladaq ki, 2010-cu il yanvarın 4-də H. Fərziyev Bakıda yerləşən "Vulkan" motelində həyat yoldaşı Xatirə Fərziyevaya bıçaqla çoxsaylı xəsarət yetirərək hadisə yerindən qaçıb. 
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Hamlet Fərziyev tutulub. Polis tərəfindən dindirilən H. Fərziyev hadisəni qısqanclıq zəminində törətdiyini və peşman olmadığını deyib.
Məhkəmənin hökmü ilə Hamlet Fərziyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o, barəsində olan hökmdən apellyasiya şikayəti verməyib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, barəsində hökm çıxarılan şəxs 10 gün müddətinə apellyasiya şikayəti vermək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə təqsirləndirilən şəxs müddətin bərpa edilməsi üçün yenidən məhkəməyə müraciət edə bilər.