Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları polislə birlikdə Xarkovda bir sutka ərzində metronun 6 stansiyasına bomba qoyduğu haqda məlumat verən şəxsi müəyyənləşdirə biliblər.

Unikal.org modern.az-a istinadən bildirir ki, növbətçi hissəyə daxil olan zəngdə qadın səsi ilə "Konstitusiya meydanı" stansiyasına bomba qoyulduğu haqda xəbər verilib. Sonradan anonim daxil olan zəngdə adlarının dəyişdirilməsi nəzərdə tutulan daha 5 metro stansiyasının partladılacağı haqda hədə-qorxu gəlinib.

Saatın pik vaxtında hüquq-mühafizə orqanları və metropolitenin heyəti, demək olar, 9 min sərnişini evaukasiya etsələr də, partlayıcı tapılmayıb. Ukrayna Təhlükəsizlik Xidmətinin vilayət idarəsinin mətbuat mərkəzinin rəisi Vladislav Abdulun sözlərinə görə, xüsusi xidmətin əməkdaşları anonim terrorçunu müəyyənləşdirərək saxlayıblar. 62 yaşlı Xarkov sakininin kommunist ideologiyasının pərəstişkarı, Maydanda keçirilən etiraz aksiyalarının fəal əleyhdarlarından biri olduğu üzə çıxıb. O, günahını boynuna alıb və bu cür addımının səbəbini stansiyaların adlarının dəyişdirilməsinə etiraz kimi izah edib.

Yalan məlumat verdiyinə görə pensiyaçı qadın 6 il həbsxanada yata bilər. Bundan əlavə, hərəkəti nəticəsində dövlət və kommersiya müəssisələrinə dəyən zərəri də ödəməli olacaq.