Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında güclü yağışlar nəticəsində ölənlərin sayı 39-a çatıb, 70-ə yaxın insan itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, güclü yağışlar indiyədək 235 bələdiyyəni, o cümlədən əyalətin paytaxtı Porto Aleqrini əhatə edən ən pis iqlim faciələrindən biri olub.

Bazar ertəsindən bəri davam edən yağışlardan sonra çaylar daşıb, körpülər dağılıb. Güclü yağışlar qonşu Santa-Katarina ştatında da qeydə alınıb, daşqın və torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb. Təbii fəlakət nəticəsində 24 mindən çox insan evsiz qalıb.