Unikal.org Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin "Qafqazinfo"ya müsahibəsini təqdim edir

- Parlamentdə müzakirələrdə aktiv olmasaz da,  seçicilərinizlə tez-tez görüşən, onlarla maraqlanan deputatlardansız.

- Hər məsələyə münasibət bildirən insanlar çoxdur. Ancaq mən onlardan deyiləm. Əgər mən hansısa bir məsələyə münasibət bildirirəmsə, onun həll olunmasını istəyirəm. Həll eləyə bilmədiyim işlərə isə qarışmıram. Deputatın fəaliyyəti tək parlamentdə çıxış etməklə ölçülmür. Millət vəkili bir neçə istiqamətdə fəal olmalıdır. Çox danışıb heç nə etməməkdənsə, az danışıb bir iş görmək yaxşıdır.

Bugünkü gündə insanları razı salmaq çox çətindir. Nə qədər iş görsən də, bir problem tapıb çıxarırlar. Uğurlu işlərimizi işıqlandırmağa 5-10 mətbu orqan zorla tapırıq, ancaq birdən nəsə problem baş versə 100-dən çox zəng gəlir. Bunun səbəbini də onda görürəm ki, insanlarımız neqativ xəbərlərə meyillidir. Məsələn, ölüm, vəzifədən çıxarılanların xəbərlərini çox sevirlər. Qalmaqallı hadisələrə daha maraqlıdırlar, nəinki vətən, millət, dövlət üçün hansısa bir işin görülməsi. İkinci dəfə müstəqillik əldə olunandan sonra yaxşı mənada insanımız çox dəyişib. Təkcə özü üçün yox, millət üçün də nəsə bir iş görmək hər kəsin borcudur. Ona görə də heç kimin sözünə, lağına baxmadan biz öz yolumuzu gedirik.

- Son günlər Naxçıvan sərhədində də vəziyyət gərginləşib, yaralananlar da var. Siz atəşkəsi alqışlayanlardansınız, sizcə cəbhədə vəziyyət hansı istiqamətdə gedəcək?

- Atəşkəs o zaman gözəldir ki, hər iki tərəf buna riayət etsin. Biz istəyirik ki, övladlarımız qırılmasın, bir nəfər də olsun şəhid verməyək. Ancaq əfsuslar olsun ki, qonşularımız bunu qanmaq istəmirlər. Mən o milləti ifadə edə biləcək bir söz tapa bilmirəm. Ali hərbi məktəbdə oxuduğum illərdə, ondan sonra da ermənilərlə çox rastlaşmışam. Bu insanlardakı aydın şəkildə görünən cılızlıq var. Biz onlarla normal anlaşa bilmirik, bilməyəcəyik də. Ona görə də, hər zaman hazır olduğumuzu göstərməliyik. Ermənistan böyük dövlətlərin əlində sadəcə bir alət, oyuncaqdır. Rusiya, Fransa, ABŞ kimi güclü və strateji planları olan dövlətlər də bunu yaxşı bilir və sanki seçib üzə çıxarıblar. Çünki başqa bir xalq bu qədər haqsızlıq etməyə, qatığa inadla qara deməyə razı olmaz. MİNSK qrupunun heyəti neçə illərdir, gəlib gedir, ancaq hələ bir nəticə hasil olmayıb. Hamı çox yaxşı bilir ki, əgər onlar istəsəydi, münaqişə çoxdan həll olunmuşdu.



- Sosial şəbəkədə ətrafınızda olanların 80%-nin vətənpərvər olmadığını yazmısız. Federasiya prezidenti olduğunuz üçün ətrafınızda çox zaman idmançıları görürük, idmançılar da hər zaman vətənəbağlılığı ilə tanınır.

- Çox insan tanıyıram, idmançılar o 20%-ə aiddir. Onlar vətən üçün çalışırlar. Hər kəs yaxasını kənara çəkib oturur. Düşünürlər ki, onlara bir ziyan dəymirsə, nə olur olsun. Axı bu millət üçün nəsə etmək lazımdır. Bu millətin idmançısının, əsgərinin, kasıbının, şairinin, müəlliminin, həkiminin- bir sözlə kömək istəyən hər kəsin yanında olmaq lazımdır. Kimin gücü nəyə çatırsa, onu etməlidir. Əgər bu gün mənim yanımda idmançılar varsa, deməli, mən onlara baxmalıyam, gələcək üçün şərait yaratmalıyam. Başqasının yanında həkim, müəllim kollektivi varsa, onlar da ona dəstək verməli, kömək etməlidirlər. Müşahidə edirəm, sağlıqlarına qismət, ətrafımda xeyli sayda imkanı olan insanlar var. Ancaq millətin gələcəyi, övladlarımız üçün heç nə etmirlər. Yemək-içmək, əyin-baş, ev, maşınlar nə qədər olar axı? Çox demirəm, heç olmasa sərvətinin 2-3%-ni millətə xərcləsələr nə olar? Heç kim xərcləmək istəmir. Bir idmançıya əl tutan yoxdur. Dövlət də nə qədər yerə maliyyə ayırsın? Biz yarışlara 20 idmançı apara bilirik, Rusiya 200 nəfər aparır. Bizdən də balaca dövlətlər var, 50 nəfər gətirir. Demək ki, onlarda sponsorluq edənlər, dəstək duranlar var. Bizimkilər isə ancaq özüm, evim, eşiyim, ailəm vəssalam. Biz bu həyatdan gedəcəyik, ancaq vətən, dövlət qalacaq. Onun üçün də nəsə etmək lazımdır. Bu vətənin övladları bizi təmsil edir, dövləti onlar yaşadacaq. İdmanın inkişafı üçün rəhbərlik tərəfindən böyük tədbirlər Azərbaycana salınır. İdman yarışları sülh məramı daşıyır. Bu yarışlarla da biz dünyaya deyirik ki, biz sülh istəyirik, sülhün tərəfdarıyıq. Ancaq hamı istəyir ki, dövlətdən qoparsın, büdcədən oğurlasın. Bir evi bu rayonda tikim, o birini başqa bir kənddə, şəhərdə. Heç birinə də ayaqları dəymir, yaşamırlar. Mənası nədir?

"Düz söz dediyimə görə, son zamanlar düşmənlərimin sayı da xeyli artıb"

- Demisiz ki, yaxşı idarəçilər üçün dinləməyi bacarmaq, danışmağı bacarmaq qədər vacibdir. Heyif ki, bunu öyrədən tədris müəssisəsi yoxdur. Bugünkü gündə məmurlar, yüksək vəzifə sahibləri xalqı dinləməyi bacarır?

- Deyəsən onlar heç öz dediklərinə qulaq asmırlar, nəinki xalqa qulaq asmaq. Təbii ki, bunu hər kəsə şamil etmək olmaz. Vəzifəsinin öhtəsindən layiqincə gələnlər var. Ancaq əksəriyyət əfsuslar olsun ki, dinləmir. Çox şey deyə bilərəm, amma istəmirəm. Düz söz dediyimə görə, son zamanlar düşmənlərimin sayı da xeyli artıb. Sadəcə onu deyə bilərəm ki, vəzifəli şəxslər ən azından insanları dinləyib yol göstərməlidir. Millət vəkilinin bir o qədər səlahiyyəti yoxdur. Suyun qiymətinin qalxmasına biz münasibət bildirə, müzakirə edə bilərik, ancaq tarif şurasına aid olan məsələləri millət vəkili həll edə bilməz. Bugünkü gündə 1 - 10 millət vəkiliylə məsələ həll olunmur. 100 deputat eyni məsələni gündəmə gətirsə, təbii ki hökümət də, tarif şurası da görər.

- Spirtli içkilərin qəbuluna görə yüksək cərimələrin tətbiq olunması ilə bağlı fikriniz birmənalı qarşılanmadı. Sizcə, demokratik bir ölkədə bu kimi qadağalar nə dərəcədə doğrudur?

- Restoranlara gedəndə gəncləri qarşısında araq butulkası, başı dumanlanan görürük. Demirik ki, spirtli içki tamam qadağan olunsun. Demokratikanı bir kənara qoyub qapalı İslam ölkəsi olaq. Ancaq cavanların gənc yaşda içkiyə aludə olmasının çox pis nəticələri var. Biz gənclərimizi yetişdiririk ki, vətənvərvər olsunlar. Ancaq bu gün onları araq butulkasından qoparda bilmirik. Mən istəyərdim ki, gənclərə universiteti, hərbi xidmətlərini başa vurana kimi içki qadağan olunsun. Heç kim içkidən xeyir görməyib. Deyirlər, damarları genişləndirir, stressi aradan qaldırır, hamısı boş söhbətlərdi.

- Sizin haqqınızda həm də möhkəm dostluğu var deyirlər.

- Hər bir kəsin adı onun taleyini tamamlayır. Mən deyə bilmərəm ki, necə dostam, mən onların barəsində deyə bilərəm ki, çox mərd insanlardır.



- Ziyalı ailədə doğulmusunuz və qardaşlarınız general, polis və yaxud yüksək vəzifələrdədir. Evin ən kiçik oğlu olaraq bu, sizin üçün üstünlük idi, yoxsa maneə?

- Uğur qazanmaq, cəmiyyətdə mövqe sahibi olmaq heç də asan deyil. Kiçik qardaş olmağın çətin tərəfləri də var, asan tərəfləri də. Hər kəsin bir qisməti var. Böyüklərim istəyərdi ki, idman internat məktəbində yox, gimnaziyalarda oxuyum. İnsan öz yolunu özü seçir. Seçdiyi yolda da büdrəməmək üçün düzgün olmaq lazımdır. Düzgün olan insan bütün çətinliklərə baxmayaraq öz uğurunu qazana bilir. Sadəcə geci-tezi var. Mənə böyüklərimin də dəstəyi olub, özüm də çalışmışam ki, onların inamını doğruldum, güvənini sarsıltmayım. Böyüklər məsləhət almaq üçündür. Yəqin ki, o məsləhətlərin nəticəsi də indi görünür.

"İnsanlar tanıyıram, uşağı vurma cədvəlini bilmir, ancaq deyir, övladım kitab yazır, universiteti fərqlənməylə bitirdi"

- Bəs övladlarınızı gələcəkdə necə görmək istəyərdiniz?

- Atam övladlarının qarşısına tapşırıq qoymuşdu ki, hər şeyinizi itirsəniz belə heyfslənməyin. Ancaq çalışın vicdanınızı itirməyin. Mən də çalışmışam ki, övladlarım vicdanlı olsun, bu ruhda tərbiyə alsınlar. Yalandan, şər-böhtandan, pis əməllərdən uzaq olsunlar. Vicdan məsələsi mənim üçün bir mayakdır.

- İmkanlı ailələrin övladlarının adı xuliqanlıq hallarında tez-tez hallanır...

- Övladını tərifləyən valideyn deyiləm, ətrafdakılardan soruşsaz, onlar deyəcək necə olduqlarını. Çox şükür, dediyiniz kimi uşaqlardan çox fərqlənirlər. İnsanlar tanıyıram, uşağı vurma cədvəlini bilmir, ancaq deyir, övladım kitab yazır, universiteti fərqlənməylə bitirdi. Dayana bilmirsən, deyirsən ki, ay qardaş, belə deyil axı. Onda da sən pis olursan. Çox istəyərdim ki, insanlar vəzifəsindən, mövqeyindən asılı olmayaraq vicdanını, böyüyünü, Allahını unutmasın. Əgər unutmazsa, ondan əməlisaleh vətəndaş olacaq.