İsmayıllı rayon Polis Şöbəsinə atların satış məqsədilə qanunsuz kəsilməsilə bağlı anonim məlumat daxil olub.

Unikal.org Kanal S-ə istinadən xəbər verir ki, məlumat əsasında rayon polis şöbəsi və baytarlıq idarəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Əməliyyat nəticəsində polis rayonun Mican kəndi ərazisində, çay kənarında antisanitariya şəraitində 10 baş atı kəsmək istəyən şəxsləri yaxalayıb. Müəyyən olunub ki, Bakı sakini Novruzov Süleyman Əziz oğlunun sifarişi ilə İsmayıllı sakini Ziriyev Vüqar Təşkilat oğlu və Bakı sakini Cəfərov Mahal Şamil oğlu İmişlinin Ağaməmmədli kəndində 10 baş at tədarük edib və sonra onları "Qazel" markalı yük avtomobili ilə İsmayıllıya gətiriblər.

Əməliyyat nəticəsində həmçinin rayon sakini İbrahimov Pünhan Mürsəl oğlunun həyətində qanunsuz şəkildə kəsilmiş at əti aşkarlanıb. Məlum olub ki, ümumilikdə 800 kiloqram at ətinin tədarük olunub və onun 400 kiloqramı satış məqsədilə Bakı şəhərinə göndərilib. Ancaq ətin yükləndiyi avtomobil Bakının giriş hissəsində saxlanılıb. Aşkar olunan at əti müsadirə olunub və müayinə məqsədilə Respublika Dövlət Baytarlıq Laboratoriyasına göndərilib. Laborator müayinələrdən sonra ətin heyvanların qidalanması üçün yararlı olduğu təsdiq edilib və Bakı Heyvanat Parkına göndərilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.