Bu gün Azərbaycan polisinin 100 illiyi və 2 İyul - Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, "Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin və Avtosfer.az saytının təşkilatçılığı, Azərbaycan Respurlikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri "Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı açaraq Azərbaycan polisinin keçdiyi şərəfli yol barədə danışıb.

Daha sonra çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edib.

Millət vəkilləri Flora Qasımova və Şahin İsmayılov vurğulayıblar ki, respublika və paytaxt yollarında, küçə və prospektlərdə rahat və təhlükəsiz hərəkətin mümkün olması üçün yol polisinin xidmətləri əvəzsizdir. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, mayor Rüfət Quliyev öz çıxışında bütün polis əməkdaşlarını təbrik edib. O cümlədən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalovun təbriklərini mərasim iştirakçılarının diqqətinə çatıdırıb. 


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, pollovnik İlham Babayev və başqaları çıxış edərək tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, ölkəmizdə polisə verilən diqqət və qayğı hər zaman öndə olub. Çıxış edənlər DİN və DYP rəhbərliyinin təbriklərini də çatdırıblar.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov da çıxış edərək yol polislərini təbrik edib. Bildirib ki, Qarabağ müharibəsində polis əsgərlərimizlə bərabər səngərdə rəşadət göstərib. Əminik ki, torpaqlarımızın azad olunmasında polislərimiz yenə yaxından iştirak edəcəklər.

Tədbirdə Azərbaycan polisinin 100 illiyinə həsr edilmiş mahnı, eyni zamanda musiqisi Eldar Mansurova, sözləri Vahid Əlioğluna məxsus, xalq artisti Heydər Anatollunun ifa etdiyi "Yol polisi mahnısının klipi təqdim edilib.

Daha sonra Azərbaycan polisinin 100 illiyi və 2 İyul - Polis Günü münasibətilə mükafatlandırılan 37 yol polisi əməkdaşına diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.