Elmar

Diplomatik korpusda baş verənlər xarici işlər nazirini bitirir

Son vaxtlar Azərbaycanın xarici ölkələrdəki səfirlərinin vəzifələrindən azad olunmaları intensivləşib. Bundan başqa bir neçə diplomatın müəyyən addımları ölkənin xarici siyasət idarəsi daxilində müəyyən problemlərin olmasından xəbər verir.

Məsələn, ötən il sentyabrın əvvəllərində Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar barədə açıqlamalar yayıb. XİN hadisəyə dərhal münasibət bildirib və şikayət edən şəxsin işdən qovulduğunu açıqlayıb. Bunun ardınca mətbuatda Anar Həsənovun sığınacaq üçün Avstraliya hökumətinə müraciət etməsi barədə məlumatlar yayılıb.
Ondan əvvəl isə Azərbaycanın başqa bir diplomatı Arif Məmmədovla bağlı qalmaqal yaşanmışdı. Məmmədov hətta bir qədər irəli gedərək siyasi iddialar da nümayiş etdirməyə başlamışdı.
Keçən il sentyabrın ikinci ongünlüyündə isə Azərbaycan XİN-nin sabiq əməkdaşı Nahid Cəfərov Hollandiyada siyasi sığınacaq istəmişdi.
Bütün bu baş verənlər isə xarici işlər naziri Elmar Məmmədyarovu mətbuatda və hökumət kulislərində tənqid hədəfinə çevirmişdi. Hesab olunurdu ki, o, diplomatik korpus üzərində nəzarəti xeyli itirib. "Belə görünür, qarşıdakı dönəm xarici işlər nazirimiz üçün olduqca çətin keçəcək. Əgər diplomatik korpus əməkdaşları ilə bağlı qalmaqallar davam edərsə onun hətta vəzifəsindən kənarlaşdırıla biləcəyini də istisna etməmək lazımdır" - deyə həmin vaxt "Unikal" qəzeti öz təhlilində yazmışdı.
Bu günlərdə isə XİN sistemindəki nöqsanlar yenidən gündəmə gəlib. Xüsusilə Azərbaycanın keçmiş xarici işlər naziri, bir müddət öncə geri çağrılan Latviyadakı fövqəladə və səlahiyyətli səfir Tofiq Zülfüqarovun bir neçə gün əvvəlki açıqlamaları maraq doğurur. Xarici İşlər Nazirliyində baş verən son proseslərə, ötən ilin mayında paytaxtdakı yanğına görə məmurları tənqid edən və onu sosial şəbəkədə "like" edən diplomatların işdən uzaqlaşdırılması və ya izahat yazmasına münasibət bildirən T. Zülfüqarov hesab edir ki, dövlət işində çalışan insan ya işdən çıxıb siyası fəaliyyətlə məşğul olmalıdır, ya da gərək məmur kimi elə məmur kodeksinə əməl etsin: "Mən səfir olsaydım, sizinlə indiki kimi sərbəst danışa bilməzdim. Bir də, həmin insanlar mənim bildiyimə görə, əvvəllər siyasi baxımdan heç də fəal olmayıblar. Normal şəkildə karyeralarını qurublar. Bu krizisin arxasında başqa məsələlər durur. Yəni diplomatik korpusdakı gərginliklər başqa yerdən qaynaqlanır, bəzən belə yanaşmaya şahid olursan: "Bu özümüzünküdür, bu isə qıraqdan gələndir". Belə bir korporativ əhval-ruhiyyə var. Əsas məsələ bununla bağlıdır, siyasi məsələlərlə yox. Hesab edirəm ki, bu problemi cənab prezident həll etməlidir. Bir misal da gətirim, təəssüf ki, Harvardı bitirən, yüksək biliklərə malik insanlar XİN-də bacarıqsız, savadsız kimi qələmə verilir. Digərləri, gülməli addımlar atanlar, özünü layiqincə aparmayanlar bacarıqlı diplomatlar kimi təqdim edilir. Kadr siyasətində böyük səhvlər var və bunlar aradan götürülməlidir".
"Sizcə, nazir istefaya göndərilməlidir?" sualına T. Zülfüqarov belə cavab verib: "Bu, cənab prezidentin qərarıdır. Mənim fikirimi soruşsanız ciddi addım atılmalıdır, özü də ən ciddi addımlar".
Göründüyü kimi, dolayı yolla da olsa, sabiq nazir Elmar Məmmədyarovun vəzifədən kənarlaşdırılmasını vacib sayır.
Dünənsə millət vəkili Zahid Oruc bu mövzuda maraqlı açıqlamalar verib. O deyib ki, "hər hansı bir naziri vəzifəsindən azad etmək prezidentin səlahiyyətinə aiddir. Hesab etmirəm ki, səfirləri geri çağırmaqla dövlət başçısı naziri vəzifəsindən azad etmək istəsin. Baxmayaraq ki, Dağlıq Qarabağ probleminin həllinin içərisində olan bir nazirlikdir. Bu məsələnin nazirlik ətrafında gedən proseslərlə bağlı olmadığına əminəm. Elmar Məmmədyarovun müsbət işləri ilə yanaşı, onun səfirliklər və digər sahələrlə bağlı atdığı addımlar tənqid edilməsinə səbəb olub. Belə tənqidləri süngü ilə qarşılamaq lazım deyil. İstənilən dövlət məmuru heç bir məsələdən sığortalanmayıb. Xarici işlər nazirinin dəyişdirilməsi üçün səfirləri geri çağırmağa ehtiyac yoxdur". Göründüyü kimi, Z.Oruc da Məmmədyarovun əvəzlənməsini birmənalı istisna etmir.
Bu isə xarici işlər nazirinin dəyişdirilməsi zərurətinin artıq tədricən daha geniş çevrələr tərəfindən birbaşa və ya dolayı şəkildə qəbul olunduğunu göstərir.
Sənan Mirzə