Daha

İş adamı Rafael Cəbrayılovdan ölkə rəhbərliyinə şikayət etdi

"Məlahət" MMC firmasının direktoru Məlahət Qurbanova Milli Məclisin üzvü Rafael Cəbrayılova qarşı sensasion ittihamlar irəli sürüb. İş adamı ölkə rəhbərliyinə müraciətdə başına gətirilən haqsızlığın təfərrüatlarını açıqlayıb.

Müraciətdə deyilir: "Nə qədər acınacaqlı da olsa, bəzi millət vəkilləri dövlətimizin və xalqımızın onlara verdiyi etimaddan sui-istifadə edərək, bizi boğur, soyur və incidirlər. Mən 30 ilə yaxın müddət ərzində lombard sahəsində rəhbər vəzifədə çalışıram. İxtisasca hüquqşünas olduğum halda bu sahəyə maraq göstərmiş və ulu öndərimiz Heydər Əliyevin "özəlləşdirmə" çağırışına ilk qoşulanlardan biri olaraq, "Məlahət" MMC-ni təsis etmişəm və bu onlarla vətəndaşımıza iş yeri olmuşdur. Bu gün də rəhbərlik etdiyim müəssisə onlarla ailənin yeganə qazanc mənbəyidir. Fəqət Azərbaycanda azad sahibkarlığa qənim kəsilmiş, dəfələrlə bank kreditlərini ödəmədiyi üçün məhkəmələrə verilən Azərbaycan Milli Məclisinin üzvü Rafael Cəbrayılov ölkəmizin ilk özəlləşdirilmiş qurumlarından biri olan "Məlahət" MMC-nin də fəaliyyətinə olduqca ağır zərbə vurub".
Şikayətçi Rafael Cəbrayılovun ona vurduğu maddi zərbəni bu cümlələr açıqlayır: "Milli Məclisin üzvü Rafael Cəbrayılov şəriki Mirəhməd Abbasovun vasitəsi ilə məndən 165 min manat borc alıb və bu günə qədər borcunu ödəməyib. Belə ki, öncə tələbə yoldaşım, o zamankı adı ilə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsindən tanıdığım Mirəhməd Abbasov vasitəsi ilə məndən Cəbrayılov qardaşlarının tikinti biznesi üçün kiçik məbləğlərdə borc götürən deputat bununla etimadımı qazanmaq məqsədi güdüb. 2012-ci ildə isə Mirəhməd Abbasov deputatın tikinti biznesi, Türkiyə Cümhuriyyətində aldıqları mülklərin ilkin ödəməsi və qoyunçuluq-donuzçuluq fermaları üçün yuxarıda söylədiyim rəqəmdə məbləğdə pul istədi. Əvəzində isə 300 min manat dəyəri olan qeyri-yaşayış sahəsinin satın alınmasına dair müqaviləni təqdim etdi. Deputatın qardaşı Elşən Cəbrayılovun direktoru olduğu "Dərhal" MMC-nin həmin məbləğin ödənildiyini təsdiq edən qəbzi, Abşeron rayon icra hakimiyyətinin obyektin tikintisinə dair icazə sənədi, tikintinin layihəsi mənə təqdim olundu. Lakin aylıq ödəmələr gecikdiyi üçün biz Mirəhməd Abbasovla əlaqə saxladıqda, o, öncə deputatın borcu ödəmək fikrində olmadığını və özünün də bizə kömək etmək istədiyini desə də, sonradan şəriki ilə birlikdə haqqımda çirkin məqalələrin yayılmasına başçılıq etdi. Mən pulun əvəzində həmin mülkü tələb etdikdə isə, pulum qaytarılmadığı kimi, təminat olaraq sənədləri bizə təqdim edilən mülkün də başqasına satıldığı məlum oldu. Nəticədə mən həmin pulu bankdan götürüb verdiyim üçün 165 min əsas məbləğdən başqa 56 min 600 manat da faiz borcu yaranıb. Mən isə bank qarşısında götürdüyüm öhdəliyi vaxtlı-vaxtında ödəyirəm ki, bu da bir sahibkar olaraq, məni iflas həddinə çatdırıb".
Deputatın vurduğu zərbənin təkcə ona deyil, həm də kasıb əhaliyə dəydiyinə diqqət çəkən M.Qurbanova daha sonra yazıb: "Nəzərə alsaq ki, bizim müştərilərimizin heç də hamısı R.Cəbrayılov kimi zənginlər deyil, əksəriyyətinin sosial durumu olduqca aşağı səviyyədədir, durumumuzun nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. Biz 1917-ci ildən fəaliyyət göstərən tarixi lombard olaraq, bu sahədə illərlə əhalinin və vergilərimizi zamanında ödəyərək, dövlət qurumlarının da etimadını qazanmışıq və bu gün təsadüfi lombardlardan fərqli olaraq, insanlar bizə inanırlar. Təəssüf ki, Rafael Cəbrayılov və Mirəhməd Abbasovun bizə vurduğu zərbə nəticəsində rəhbərlik etdiyim müəssisənin fəaliyyəti iflic vəziyyətə düşüb".
Əsl mərəkə də bundan sonra başlayıb. Hüquqşünasın qanuna uyğun mübarizəsi deputatın qeyri-leqal və qeyri-bərabər fəndləri nəticəsində hələ ki, boşa çıxır.
Şikayətçi qeyd edir ki, indiki zamanda bir insanın işsiz qalmasının bir ailənin ac qalması demək olduğu bir zamanda Rafael Cəbrayılov onlarla işçini çörəklə imtahan edir: "Mən bir sahibkar olaraq, onlarla insanı işlə təmin edərək, Sizə sədaqətlə xidmət edirəm. Hesab edirəm ki, hər bir işçi bir ailə deməkdir. Onlarla ailəyə maaş verə bilmək, vergi ödəmək mənim üçün böyük xoşbəxtlikdir və vətənə xidmətdir. Lakin Rafael Cəbrayılov və şərikinin mənə vurduğu zərər nəticəsində fəaliyyətimiz iflic olub və partnyorlarımız qarşısında etibarımızı itirmək təhlükəsi ilə üzləşmişik".
Müraciətinin sonunda Məlahət Qurbanova deputatı debata çağırmaqdan da çəkinmir: "Əgər mən haqqımda yazdırdığı kimi millət vəkili vəsiqəsi daşıyan Rafael Cəbrayılova qarşı iftira atıramsa, bunu niyə aydınlaşdırmaq istəmir? Nə üçün parlamentin 125 üzvü arasında sadəcə onun adını hallandırdığımla maraqlanmır? Bir sahibkar olaraq, məni borc bataqlığında boğmaq, eyni zamanda Sizə çatmasını istədiyim haqq səsimi batırmaq istəyir".
Göründüyü kimi, onlarla insana çörək verən bir müəssisə bir deputatın maraqlarına qurban edilir. Üstəlik, bu müəssisə və iş xanımı Rafael Cəbrayılov və qardaşlarının müflis etdiyi ilk müəssisə və iş xanımı deyil. Azərbaycanda bank tərəfindən məhkəməyə verilən və uduzan millət vəkili ünvanına sahib Rafael Cəbrayılovun uğursuz tikinti biznesi və donuz fermerliyi çox iş adamını müflis edib. Hazırda o iş adamları ilə danışıqlar aparılır və yaxında Rafael Cəbrayılovun qurbanları bir təşkilatda birləşərlərsə, buna təəccüblənməmək lazımdır.
Onu da deyək ki, millət vəkili hələlik barəsində səslənən ittihamlara cavab verməyib.
Toğrul Əliyev