Müxalif partiyalar AXCP və Müsavata qarşı birlik yolunda

Bir qrup siyasi partiyanın 24 yanvar tədbiri haqda qeydlər

Məlum olduğu kimi, yanvar ayının 24-də müxalifətin bir hissəsi Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında tədbir keçirib. Toplantıda KXCP, AXP, ADP, Ümid, BAP, VİP və digər partiyalar, eləcə də, "Ağ Blok", ADR Hərəkatı, Bakı Kəndlər Birliyi, QHT-lər iştirak edib. Verilən açıqlamalarda isə bildirilir ki, əslində tədbirin format daha geniş düşünülübmüş, sadəcə olaraq AXCP və Müsavatın sözügedən tədbiri baykot etməsi belə bir mənzərənin yaranmasına səbəb olub.

Bəzi siyasi təhlilçilər isə müxalifətin 24 yanvar tədbirini bu düşərgədə hegemonluğa iddialı olan AXCP və Müsavata qarşı dirənişin növbəti təzahürü sayırlar. Onların qənaətinə görə, artıq bu prosesə start verilib və yaxın zamanlarda bu istiqamətdə digər addımların atılacağı da istisna edilmir. Tədbir iştirakçıları və təşkilatçıları isə məqsədin müxalifətin bir araya gəlmək olmasını gizlətmirlər.
Belə ki, KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, uzun müddətdir ki, müxalifət bu şəkildə bir araya gəlmirdi. O, bu sayda təşkilatın bir araya gəlməsinin müsbət hadisə olduğunu ifadə edib. ADP sədri Sərdar Cəlaloğlu da bu cür müzakirələri pozitiv hadisə elan edib.
Müxalifətin bu tədbiri bir sıra maraqlı məqamları ilə diqqəti cəlb edib. Qeyd etdiyimiz kimi Müsavat Partiyası tədbirə qatılmayıb. Öncədən bəlli idi ki, Müsavat Pənah Hüseynin təşəbbüsü ilə baş tutacaq tədbiri boykot edəcək. Bunun bir səbəbi P.Hüseynin son parlament seçkiləri zamanı Müsavatdan fərqli mövqe tutmasıdır. Belə ki, bu hadisədən sonra tərəflər arasındakı münasibətlər soyumağa başladı. Seçkilərdən sonra Pənah Hüseynin Müsavat rəhbərliyinə müxalifətdə olan Tural Abbaslı ilə bir araya gəlməsi isə vəziyyəti bir qədər də mürəkkəbləşdirdi. Hətta İsa Qəmbərlə Pənah Hüseynin arası dəydi. Odur ki, 24 yanvar tədbirindən öncə Müsavat funksionerlərinin çoxu Pənah Hüseynin bu fəaliyyətini tənqid edirdi. Sonda isə bəlli olmuşdu ki, Xalq Partiyasının sədrinin tədbirdə iştirak təklifini Müsavat rədd edib.
Müsavatın Pənah Hüseynə isti olmayan münasibətinin nəticəsi olaraq sözügedən tədbirdə ADR Hərəkatı sədrinin müavinləri Vurğun Əyyub və Ellada Məmmədli iştirak edib. Həmçinin "Ağ Blokun" sədri Tural Abbaslı da toplantıda əsas təşkilatçılardan olub. Müsavat rəhbərliyi isə faktiki olaraq ADR Hərəkatını və "Ağ Bloku" özünə düşmən qurumlar hesab edir. Müsavatın olmadığı bu tədbirdə ADR Hərəkatının təmsilçisi Vurğun Əyyub çıxış edib.
Əli Kərimlinin sədri olduğu AXCP də 24 yanvar tədbirini boykot edib. Eyni zamanda Milli Şuradan heç kim bu toplantıya qatılmayıb. Ancaq bunun əvəzində Razi Nurullayevin sədri olduğu AXCP təmsil olunub. AXCP-ni tədbirdə Razi Nurullayevin müavini Ehtiram Mehdiyev təmsil edib.
Tədbirdən sonra partiya sədrləri toplaşaraq işçi qrupun yaradılması barədə ümumi razılığa gəliblər.
"Ağ Blokun" təmsilçisi Tural Abbaslı deyib ki, sözügedən toplantıya Müsavat Partiyası və Əli Kərimlinin sədri olduğu AXCP də dəvət edilib: "Dəvət edilən zaman heç kimin qarşısında şərtlər qoyulmayıb. Hətta öncədən razılığa gəlinib ki, hər bir partiya və təşkilat istədiyi təşkilatı tədbirə dəvət edə bilər. ADR Hərəkatını tədbirə Pənah Hüseyn dəvət edib. Biz də kimi görmüşüksə bu, tədbir haqqında məlumat vermişik. Təsadüfən mən özüm ADR-in bəzi üzvlərinə bu haqda məlumat vermişəm. Razi Nurullayevin sədri olduğu AXCP də tədbirə dəvət edilib. Toplantının təşkilatçıları məsələsinə gəldikdə, burada heç kəs təşkilatçılıq məsələsini üzərinə götürməyib. Çünki bura siyasi dividend əldə etmək məqsədilə hazırlanan tədbir olmayıb. Sadəcə tədbirin texniki işləri bölüşdürülüb, hər kəs də əlindən gələni edib. Bu, davamlı bir tədbir olacaq. Bu həftənin üçüncü günü işçi qrupu yenidən toplaşıb müzakirələr aparacaq. İşçi qrupunda ona yaxın siyasi partiya təmsil olunur".
T.Abbaslı qeyd edib ki, kimlərinsə tədbirə qatılmaması onların şəxsi mövqeyidir: "Müxalifətin kim olduğunu xalq müəyyən etməlidir. Bir-iki partiya özündən kimlərəsə "müxalifətçi qurum lisenziyası" verə bilməz. İsti otaqlarında əyləşir, sonra isə 10 il əvvəl yazdıqları proqramların tarixini dəyişib bunu yeni sənəd kimi ictimaiyyətə təqdim edirlər. Bu cür müxalifətçilik olmaz. Bu tədbiri bəyənib gəlmirlərsə, özləri tədbir keçirsin, biz gedib iştirak edək. Amma bunu da edə bilmirlər".
Qeyd edək ki, ötən həftə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı bəyan etmişdi ki, onlar Pənah Hüseynin təşəbbüsü ilə keçiriləcək 24 yanvar tədbirində iştirak etməyəcək. O, buna səbəb kimi Pənah Hüseynin oyunlarında iştirakçı olmaq istəmədiklərini göstərmişdi.
Hazırda Azərbaycanda müxalifə düşərgədə birincilik uğrunda mübarizə gedir. Görünən budur ki, bir qrup partiya və ictimai hərəkat birləşərək AXCP və Müsavatı bu cəbhədə sıxışdırmaq və özləri önə keçmək xəttini aparır.
Elvin Rüstəmov