Elman
Baş bankiri ölkə daxilindən də, xaricdən də "top atəşinə" tuturlar

Azərbaycanın baş bankiri Elman Rüstəmov haqqında ittihamların ardı-arası kəsilmir. Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri həm yerli ekspertlər tərəfindən, həm də ölkə xaricindən tənqid olunur.

Gürcüstan Milli Bankı larinin dollara nisbətdə ucuzlaşmasının qarşısını almaq üçün uzun müddətdən sonra ilk dəfə bazara intervensya edib-strateji ehtiyatlarından 20 milyon dollar satıb. Qonşu ölkənin Milli Bankının bu qərarı ekspertlər tərəfindən narazılıqla qarşılanıb. Amma Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili yerli televiziyaya verdiyi müsahibədə qərarın qısamüddətli perspektiv baxımından düzgün olduğunu əsaslandırmağa çalışıb, başqa yol olmadığını deyib və Azərbaycanı misal göstərib.
Nazirin sözlərinə görə, valyuta bazarında situasiyanı qısamüddətli nizamlamaq üçün dövlətin iki yolu var-ya bazara intervensiya etmək, ya da pul kütləsini məhdudlaşdırmaq. "İntervensiya heç bir halda olmaz, ancaq pul kütləsini də azaldanda iqtisadiyyat geriləyəcək. Ötən həftə və bu gün Milli Bank hərracda 20 milyon dollar satıb və bu da məhz qısamüddətli dövr üçün mümkün iki alətdən biridir. Başqa alət yoxdur. Əgər kimsə başqa yol bilirsə buyurub desin, məmuniyyətlə qulaq asaram" - Kumsişvili bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan valyuta rezervlərindən 10 milyard dolları xərclədi, ancaq manatın 105 faiz dəyərdən düşməsinin qarşısını ala bilmədi. Kumsişvili deyib ki, açıq bazar iqtisadiyyatında düzgün ticarət balansı istisna olmaqla valyuta kursunu saxlamaq praktiki olaraq mümkün deyil. "Azərbaycan iqtisadiyyatı bizdən bir neçə dəfə böyükdür, ölkə 10 milyard dollar xərclədi, bəs effekti nə oldu? Bundan da belə nəticə çıxarmaq olar ki, əgər düzgün ticarət balansı yoxdursa milli valyutanın kursunu süni yolla sabit saxlamağın mənası yoxdur"-nazir deyib.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Milli Bankının keçmiş sədri Roman Qotsiridze də Azərbaycan Mərkəzi Bankının manatın kursunu valyuta ehtiyatlarını xərcləyib tükətməklə sabit saxlamaq taktikasının yanlış olduğunu bildirmişdi. "Azərbaycan milli valyutasının kəskin devalvasiyasının qarşısını ala biləcəyinə dair illüziyalarla qidalanan sonuncu ölkə oldu. Manatın dramatik şəkildə dəyərdən düşməsində daxildə yol verilən iqtisadi səhvlərin də rolu olub" - Qotsiridze deyib.
Bu arada iqtisadçı-alim Vüqar Bayramov isə maliyyəçi olaraq Mərkəzi Bank sədrinin "güzəşt maliyyə intizamını poza bilər" fikirlərini izah etməkdə çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, kompensasiya mexanizmi tətbiq edən ölkələrdə heç bir problem yaşanmayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirərkən "hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər", - deyib.
Vüqar Bayramov isə ikinci devalvasiyadan dərhal sonra kompensasiya mexanizmini gündəmə gətirdiyini xatırladıb: "Məgər, kompensasiya mexanizmi tətbiq edən ölkələrdə, o cümlədən Qazaxıstanda maliyyə intizamı pozulubmu? Bir həftədə 3 bankın lisenziyasını ləğv edən Mərkəzi Bank üçün bankların müflişləşməsi və bundan ehtiyatlanaraq bir sıra vətəndaşların əmanətlərini banklardan çəkməsi bank sektorunda maliyyə intizamının pozulmasına işarə deyilmi?"
Ekspert hesab edir ki, Mərkəzi Bank dollarla kredit götürənlərə kompensasiya tətbiq edilməsilə bağlı müzakirələri davam etdirməlidir: "Kompensasiya yolu ilə 2 milyon 500 mindən çox banka borcu olanların ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına nail olmaq maliyyə intizamının qorunmasına xidmət etməyəcəkdimi? Kompensasiya mexanizmini tətbiq etməməklə problemli kreditlərin həcmini potensial olaraq artırmaq maliyyə intizamına təsir etməyəcəkmi? Məhz bu sualların bəlli cavablarına görə, düşünürəm ki, Mərkəzi Bank dollar ilə kredit götürənlərə kompensasiyaların verilməsi ilə bağlı müzakirələri davam etdirməli və bu mexanizmlərdən istifadə etməlidir".
Göründüyü kimi, AMB sədrinin adı ölkə daxilində və ondan kənarda ancaq tənqid müstəvisində hallanır. Bu da ölkənin maliyyə bazarında baş verənlərdə Elman Rüstəmovun məsuliyyətini azaltmağa çalışanlara tutarlı cavab sayıla bilər.
Sənan Mirzə