“Crocus Group”un prezidenti Araz Ağalarov və oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktından zərər çəkənlərə yardım üçün 100 milyon rubl ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

“Ümumilikdə 100 milyon rubl məbləğində ilk ianələri “Crocus Group”un prezidenti Araz Ağalarov və onun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin edib”, – məlumatda deyilir.

Bildirilir ki, vəsait xəsarət almış tamaşaçıların və əməkdaşların ailələrinə məqsədyönlü dəstək, o cümlədən müalicə, bərpa, reabilitasiya və digər ehtiyaclara yönəldiləcək.

Şirkət həmçinin bildirib ki, Müslüm Maqomayev Fondu həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım üçün vəsait toplamağa başlayıb.

Yaxın vaxtlarda yığımda iştirak etmək istəyənlərin müraciətlərinə baxılması üçün “Çağrı mərkəzi” fəaliyyətə başlayacaq və vəsaitin xərclənməsi ilə bağlı hesabatlar fondun internet saytında dərc olunacaq. Qeyd olunur ki, artıq bir çox sənət adamları, Ağalarovlar ailəsinin dostları və şirkətin biznes tərəfdaşları öz töhfələrini vermək arzusunu bildiriblər.

Nuranə Abbasova