Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçi Ruslan Pənahovun sərbəst buraxılmasına münasibət bildirib. 

"Unikal" xəbər verir ki, Baş nazir bu barədə keçirdiyi mətbuat konfransında deyib. 

Paşinyanın sözlərinə görə, uzun zamandır Ermənistanla Azərbaycan arasında bu barədə razılaşma var: "Mahiyyət etibarı ilə bu belədir ki, azıb qarşı tərəfə keçən əsgərlər qısa müddətdən sonra geri qaytarılır. Biz Azərbaycan Prezidenti ilə bu yaxınlarda apardığımız müzakirələrdə bir daha təsdiqləmişik ki, çaşqınlıq halı olarsa, istintaqın nəticələri də həmin şəxslə bağlı aydınlıq gətirəcək. Ermənistan Respublikasının Cinayət Məcəlləsinə əsasən, hərbçinin təxribat məqsədilə keçmədiyi məlum olarsa və hər hansı maddə ilə ittiham etməyə əsas olmadıqda - təbii ki, mövcud olan razılaşma işləməlidir. Çünki biz bilmirik ki, növbəti əsgər hansı tərəfdən çaşıb qarşı tərəfə keçəcək. Bir daha bildirirəm ki, əgər belə bir hal olarsa, biz ən yüksək səviyyədə əldə olunmuş razılığa sadiq qalacağıq". 

Ağarza Elçinoğlu