Bəzi media qurumları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparmadan Nərgiz Nəcəfovanın Ağdam rayonu ərazisində itkin düşməsi faktına dair təhrif olunmuş məlumatlar yayılıb.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb:

"Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatlarla bağlı bildirilir ki, Ağdam rayon sakini 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsi faktına bütün təfərrüatlar hərtərəfli araşdırılır.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanmaqla istintaq aparılır.

Media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik".

***13:21

Ağdamda 4 il əvvəl itkin düşən 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

“Unikal” xəbər verir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası tərəfindən qətlə yetirildiyi və həyətdə basdırıldığı bildirilib.

Məlumatla əlaqədar ailənin yaşadığı İmanqulubəyli kəndindəki həyətdə qazıntı aparılıb. Lakin meyit və ya insan qalıqları aşkar edilməyib. Hazırda araşdırma və axtarışlar davam etdirilir.

Qeyd edək ki, APA İmamqulubəyli qəsəbəsində 4 ildir itkin düşən 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızının atası tərəfindən öldürülməsi və meyitinin bu gün tapılması barədə məlumat yayıb. Lakin sonradan Nübar Nəcəfovanın sağ olması, onun böyük bacısı, 1996-cı il təvəllüdlü Nərgizin itkin düşmüş şəxs kimi axtarılması dəqiqləşib.