18 Sentyabr 2019
Əli Kərimli Qərbdən küsdümü?
Əli Kərimli Qərbdən küsdümü? SİYASƏT 11:56 2013-03-13

Əli Kərimli Qərbdən küsdümü?


Mais Güləliyev: “ Qərb milli demokratik düşərgənin maraqlarını satır!”

Fazil Mustafa: “Əli Kərimli elementar həqiqəti 20 ildən sonra başa düşsə də, yenə də səmimi danışmır”

Xəbər verildiyi kimi, AXCP sədri Əli Kərimli bu günlərdə qəribə bir bəyanatla çıxış edərək bildirib ki, “Xeyli vaxtdır, mən ən müxtəlif auditoriyalardan deyirəm ki, beynəlxalq təşkilatlardan nicat gözləməyin. Onların öz maraqları var. Onlar onu təmsil edirlər. Azərbaycan xalqı olaraq bizim nicatımız özümüzə bağlıdır. Buna inanmağımız vacibdir. Biz hələ də özümüzü inandırdıqca ki, hardasa kiminsə qələmini qıracaqlar, kimsə danışıb bizim məsələlərimizi həll edəcək, bundan iki mənfi nəticə çıxır: özümüz arxayınlaşırıq və hər dəfə o beynəlxalq təşkilatlar ümidlərimizi doğrultmayanda böyük bir məyusluq yaşanır. Qurtarın daha onlardan! Əl çəkin onlardan! Biz özümüz güclü olanda, meydanda olanda, hakimiyyətə real gəlmək şansımızı göstərəndə onların hamısı qapının ağzında olacaqlar. Bundan qətiyyən narahat olmaq lazım deyil”.
Ekspertlərin fikrincə, müxalifətin əsas liderlərindən sayılan Əli Kərimlinin bu çıxışını əvvəlcədən proqnozlaşdırmaq olardı və elə proqnozlaşdırlmışdı da.
Çünki beynəlxalq təşkilatlar uzun illər ərzində cəhd edirdilər ki, Azərbaycan müxalifəti hakimiyyətə qarşı sanballı alternativ bir güc halına gələ bilsin. Bu güclənmə prosesində isə Azərbaycan cəmiyyətinin güclü olması Qərbin marağına daxil deyildi. Onlar sadəcə istəyirdilər ki, lazım gələndə Azərbaycan hakimiyyətindən nəsə qoparmaq üçün bu qüvvədən hakimiyyətə təzyiq üçün istifadə etsinlər.
Yaxın tariximizdə belə nümunələr çox olub və onların hamısını sadalamaq niyyətində deyilik.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin “Unikal”a söylədiyinə görə, “AXCP sədri bildirib ki, guya o, “Xeyli vaxtdır, ən müxtəlif auditoriyalardan deyir ki, beynəlxalq təşkilatlardan nicat gözləməyin”. Amma bu “xeyli vaxtın” nə vaxtdan başladığını nədənsə açıqlamayıb. Onun ən çoxu bir ay bundan əvvəlki çıxışlarına fikir versəniz görəcəksiniz ki, o, beynəlxalq təşkilatların “demokratik qüvvələri” (o özünü də bu qrupa daxil edir) dətəklədiyini və onlarla sıx əməkdaşlığın vacibliyini qeyd edirdi. O deyir ki, “Əl çəkin onlardan!” Lakin demir ki, onlardan “əl çəkmək” nə deməkdir. Yəni onlardan qrant alınmasın? Yoxsa onlarla əməkdaşlıq edilməsin? Yoxsa onların Azərbaycan xalqına etdiyi ziyanların üstünü daha bu “demokratik qüvvələr” ört-basdır etməsinlər? Yoxsa onların Azərbaycandakı fəaliyyətinə son qoyulması dəstəklənsin? Əgər bunlar deyilsə, bəs nə demək istəyir cənab Ə. Kərimli?
Əli Kərimli deyir ki, əgər onlar (yəni beynəlxalq təşkilatlar) əmin olsalar ki, Azərbaycanda dəyişiklik yaxınlaşır, onlar da bir tərəfdən bu prosesdə iştirak edəcəklər. Amma demir ki, beynəlxalq təşkilatların bu xisləti “çaqqal xislətidir”. Çaqqal da gözləyir ki, şir öz şikarını parçalasın sonra o da ortaq olsun. Ə. Kərimli nəhayət etiraf edir ki, beynəlxalq təşkilatlar (yəni Qərb hakimiyyətinin maraqlarını müdafiə edən təşkilatlar!) Azərbaycan xalqının mənafelərinə qarşı çıxır! O hətta özündə cəsarət tapıb onları “kürüsevən” adlandırır. Əhsən Əli bəy! Deməli, biz Sizin adınızdan deyə bilərikmi ki, ABŞ hakimiyyəti və bu dövlətin Azərbaycandakı səfiri, Böyük Britaniya hökuməti və onun Azərbaycandakı səfiri, BP-nin Azərbaycandakı nümayəndələri, Milli Demokratiya İnstitutunun və ABŞ Respublikaçılar İnstitutunun Azərbaycandakı nümayəndələri Azərbaycan xalqının mənafeyini “kürüyə satırlar”? Yəni Siz bunu deməkmi istəmisiz, amma üstüörtülü demisiz?”
Partiya sədrinin sözlərinə görə, “Əli Kərimli onu da vurğulayıb ki, onlar Qərb əleyhinə kampaniyaya başlamadan bu təşkilatlara qarşı obyektiv mövqe seçməkdədilər. Deməli, Azərbaycan Yaşıllar Partiyasının Qərb, xüsusi ilə ABŞ demokratiyası və onun işğalçılıq siyasəti ilə bağlı dediyi fikirləri Ə. Kərimli dilə gətirməyə başlayıb! O deyir ki, “Qərb təşkilatlarının, onların təmsilçilərinin Azərbaycandakı milli demokratik düşərgənin maraqlarını satan heç bir hərəkətini malalamaq fikrində deyilik”. Deməli, Ə. Kərimli də yavaş-yavaş başa düşür ki, Qərb milli demokratik düşərgənin maraqlarını satır! Ə. Kərimli doğrudanmı Qərblə konfrantasiyaya gedir? Qətiyyən belə deyil! Ə. Kərimlinin özünün və onun rəhbərlik etdiyi AXCP-nin bütün siyasəti Azərbaycanda Qərb maraqlarının və onun guya tənqid etdiyi beynəlxalq təşkilatların maraqlarının müdafiəsinə yönəlib. Bəs nədən o birdən beynəlxalq təşkilatları tənqid etməyə başladı? Cavab aydındır! Birincisi, onun cıxışında “Qərb təşkilatları” yox, beynəlxalq təşkilatlar deyilir. O qəsdən “Qərb” sözünü işlətmir ki, tənqid hədəfi yayınsın!
İkincisi, o belə bəyanatla Qərbdən narazı kütləyə guya Qərbin səhvlərini bildiyini və dilə gətirdiyini, beləliklə, Qərblə heç bir əlaqəsinin olmadığını və “cəsarətini” nümayiş etdirir.
Üçüncüsü, çox yumşaq şəkildə Qərb təşkilatlarına “mesaj” göndərir ki, əgər məni həmişə “istəkli etməsəniz” sizə qarşı ola bilərəm”.
Millət vəkili Fazil Mustafanın “Unkal”a bildirdiynə görə, “Əli Kərimli elementar həqiqəti 20 ildən sonra başa düşsə də, yenə də səmimi danışmır. Biz doxsanıncı illərin əvvəlindən deyirik ki, Qərbə güvənmək olmaz, amma onun yan-yörəsindəkilər bizə şər-böhtan atmaqla məşğul olurdular. Kərimli həqiqətən də Qərbdən üz çeviribsə, onda niyə tez-tez Amerika səfirinin dəvəti ilə görüşlərə gedir? Jest olaraq öz köməkçisini göndərməsi daha münasib olmazdımı?”