Dövlət başçısınını ölkəmizdə həyata keçirilən könüllülük hərəkatının inkişafı və daha da genişlənməsinə dair çağırışına dəstək məqsədilə Bakı Nəqliyyat Agentliyi könüllülük proqramlarının icrasını davam etdirir.

Unikal.org xəbər verir ki, ötən dövrdə Agentlik tərəfindən “Nəqliyyat Könüllüləri” adı altında iki proqram icra edilib. Gənclərin böyük maraq göstərdiyi proqramlara ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Hər iki proqram üzrə 72 nəfər müvəffəqiyyət qazanaraq məzun adını alıb. Həyata keçirilən könüllülər proqramının iştirakçısı olan gənclərin 20 %-i hazırda sıralarımızda bizimlə birgə çalışmaqdadır. Belə ki, “Nəqliyyat Könüllüləri” proqramının iştirakçısı olan 14 nəfər Bakı Nəqliyyat Agentliyində daimi işlə təmin edilib.

Hazırda isə 3-cü “Nəqliyyat Könüllüləri” proqramı icra edilir. Bu proqrama da maraq böyük olub. Proqramda iştirak üçün 400 nəfər müraciət edib. 37 nəfər uğur qazanaraq proqrama cəlb edilib.

Davam etməkdə olan 3-cü Nəqliyyat Könüllüləri proqramı çərçivəsində işitrakçılar üçün  “Layihələrin hazırlanması və idarəedilməsi” mövzusunda təlim keçirilib. Açıq havada təşkil edilən təlimdə könüllülərə layihələr və onların yazılma qaydaları, layihələrin idarəedilməsi funksiyaları, SWOT analizi haqqında ətraflı məlumatlar verilib.

Könüllülər komandalara bölünərək maraqlı oyunlarla əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq ediblər.

2 aylıq təcrübə müddəti ərzində keçirilən təlimlərin əsas məqsədi gənclərin komanda quruculuğu və ünsiyyət bacarıqlarının artırılmasıdır.

İki ayın sonunda paytaxtın əlçatanlığı, təhlükəsizliyi və mobilliyi istiqamətində könüllülər tərəfindən hazırlanan layihələr ekspertlər tərəfindən qiymətləndiriləcək. Ən uğurlu layihələrin həyata keçirilməsinə Agentlik tərəfindən dəstək göstəriləcək.

Qeyd edək ki, "Nəqliyyat Könüllüləri" proqramının əsas məqsədi Agentliyin həyata keçirdiyi fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaq, sərnişinləri və sakinləri maarifləndirməkdir.

Təlimin açıq havada "Böyük Şor" bulvarı ərazisində keçirilməsində göstərdiyi dəstəyə görə "Təmiz Şəhər ASC"yə təşəkkür edirik.