Xəzər dənizinə antropogen təsirlərin müəyyən edilməsi və dəniz suyunun çirklilik səviyyəsinin öyrənilməsi  məqsədilə növbəti monitorinq Binəqədi, Sabunçu, Xəzər rayonlarının və Sumqayıt şəhərinin Xəzər sahili ərazilərində  keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Unikal.org xəbər verir ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov jurnalistlərə bildirib ki, eyni zamanda Kürdəxanı və Zığ qəsəbələrindən dənizə tullantı sularının axıdılması ilə bağlı Nazirliyə daxil olan şikayətlər də  araşdırılıb. 

Onun sözlərinə görə, Kürdəxanı  və Zığ qəsəbəsindəki axarlardan götürülmüş su nümunələrinin təhlili bu ərazilərdə çirklənmə səviyyəsinin normadan artıq olduğunu göstərib. 

 "Ümumilikdə aparılan monitorinqlərin nəticəsində məlum olub ki, bəzi ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsində cüzi azalma müşahidə edilib ki,  bu da karantin dövründə ictimai-iaşə obyektlərinin işləməməsi ilə əlaqədardır”.

İdarə rəisi qeyd edib ki, lakin hələ də bəzi yerlərdə dəniz suyunda çirklənmə  göstəriciləri normadan artıqdır.  

Buna səbəb isə ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və  yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır.

“Belə halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə tərəfimizdən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib".