Bakıda Milli Gimnastika Arenasında Kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinin dayaqla tullanma hərəkətlərində finalçılar müəyyənləşib.

Unikal.org-un məlumatına görə, Azərbaycan gimnastları Ramin Dəmirov və Mənsum Səfərov finala yüksəliblər. Onların finaldakı rəqibləri - Vladimir Kostyuk (Ukrayna), Huanq Yen-Çanq (Çin Taybeyi), Çuanq Çia-Lunq (Çin Taybeyi), Kasper Verjba (Polşa), Radomir Stelmax (Ukrayna), Mert Çakmak (Türkiyə).

Azərbaycan gimnastları Rəsul Əhmədzadə və Anar Həsənov finala vəsiqə qazana bilmədilər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Yarışda, həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.