Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Optimal Electronics" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Unikal.org xəbər verir ki, palata tərtib etdiyi protokolu baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, 608 dollar məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində baxılacaq. 

Qeyd edək ki, "Optimal Electronics" şirkəti elektron mallarının satışı ilə məşğul olur. 

Əli Osmanov